Cümə axşamı, 29 Yanvar, 2026
Tarix: 04 Dec 2023 11:09
Moskva hava limanlarında 70-dən çox reys təxirə salınıb və ya gecikmə ilə həyata keçirilib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə "Yandex. Raspisaniya" xidmətinin məlumat yayıb.
Belə ki, Vnukovoda 15 reys gecikib, 4 reys ləğv edilib, Domodedovoda 21 reys gecikib, 2 reys isə ləğv edilib. Eyni zamanda Şeremetyevoya 32 reys gecikib, 1-i isə ləğv edilib.
Moskva merinin mənzil-kommunal təsərrüfat və ictimai abadlıq üzrə müavini Pyotr Biryukov qeyd edib ki, Moskvanın qardan təmizlənməsinə 135 mindən çox canlı qüvvə və 18 mindən çox müxtəlif ixtisaslaşdırılmış texnika cəlb olunub.
Moskva hava limanlarında qar yağması səbəbindən uçuşların gecikməsi ilə bağlı vəziyyəti prokurorluq nəzarətə götürüb.
Moskva Regionlararası Nəqliyyat Prokurorluğunun mətbuat xidmətindən bildirilib ki, pozuntular aşkar edilərsə, hərtərəfli prokuror cavab tədbirləri görüləcək.
Qeyd edək ki, dekabrın 2 və 3-də Moskvaya güclü qar yağıb. Rusiya paytaxtında qarın hündürlüyü 28 sm-ə çatıb. "Fobos" hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets Moskvaya son onilliklərin ən güclü qar yağıntısının düşdüyünü söyləyib. Onun sözlərinə görə, bu həftə paytaxta güclü “Vvedenski” şaxtaları gələcək.