ABŞ-da COVID-19 vaksinlərindən sonra hərbçilərin mümkün ölüm halları araşdırılır

ABŞ-da COVID-19 vaksinlərindən sonra hərbçilərin mümkün ölüm halları araşdırılır

Tarix: 04 Sep 2026 07:52

ABŞ səhiyyə nazirinin müşaviri, hərbi həkim Tereza Lonq COVID-19 əleyhinə vaksinasiya ilə amerikalı hərbçilər arasında ölüm halları arasında mümkün əlaqəni araşdırır.

Bu barədə “Politico” məlumat yayıb.

Nəşrin məlumatına görə, araşdırma Co Bayden administrasiyası dövründə hərbçilərin COVID-19-a qarşı vaksinasiyasına nəzarət etmiş yüksəkvəzifəli CİA əməkdaşının işdən çıxarılması ilə bağlı məhkəmə prosesi çərçivəsində gündəmə gəlib.

Lonq məhkəmədə bildirib ki, müdafiə naziri Pit Heqset və səhiyyə naziri Robert Kennedi kiçiklə birlikdə 2021-2022-ci illərdə vaksinasiya ilə hərbçilər arasında ölüm halları arasında mümkün əlaqəni araşdırır. Həmin dövrdə ABŞ hərbçiləri üçün COVID-19-a qarşı məcburi vaksinasiya tələbi qüvvədə olub.

Lonqun sözlərinə görə, ona COVID-19 vaksinasiyasından sonra baş vermiş 28 ölüm halı barədə məlumat verilib. Bununla belə, bu hallarda vaksinin ölümə səbəb olduğu müəyyən edilməyib.

“Politico”nun istinad etdiyi 2024-cü il araşdırmasına əsasən, “Pfizer” və ya “Moderna” vaksinlərindən sonra bir neçə yüz insanda ürək əzələsinin iltihabı qeydə alınıb.

Pentaqonun bu il açıqladığı hesabatda da vaksinasiyadan sonra hərbçilər arasında ürək xəstəlikləri hallarının artdığı bildirilir. Lakin həmin araşdırmada vaksinasiya ilə əlaqələndirilən hər hansı ölüm halından bəhs edilmir.

ABŞ COVID-19 vaksinasiya Pentaqon

Mənbə: apa.az

Xəbər Lenti