Çərşənbə, 16 Sentyabr, 2026
Tarix: 16 Sep 2026 13:11
SOCAR-ın Etilen-Polietilen zavodunda modernizasiya və yenidənqurma layihəsi həyata keçirilir.
"APA-Economics" xəbər verir ki, bunu SOCAR-ın “Azərkimya” İstehsalat Birliyinin Proses üzrə direktoru Samir Səlimli “20 Sentyabr - Neftçilər Günü” çərçivəsində SOCAR-ın Etilen-Polietilen zavoduna təşkil olunan media-tur zamanı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, layihə avtomatika və idarəetmə sistemlərinin yenilənməsini əhatə edir.
“Mühəndislik mərhələsi 95% tamamlanıb və növbəti ildən etibarən sahə işlərinə başlanılacaq”, - deyə Samir Səlimli bildirib.
Qeyd edək ki, SOCAR-ın “Azərkimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda etilen və propilen istehsalı EP-300 qurğusunda həyata keçirilir. Qurğunun illik məhsuldarlığı 190 min ton etilen və 187 min ton propilen təşkil edir.
Zavodda yüksək təzyiqli polietilen (LDPE) istehsalı üzrə illik güc 120 min tondur.
Müəssisənin buxar-güc təsərrüfatı isə saatda 480 ton buxar və 68 MVt elektrik enerjisi istehsal etmək gücünə malikdir.
Ötən il zavodun istehsal güclərindən 86% istifadə olunub. Bu il üçün isə bu göstəricinin 85%-dən yüksək olacağı gözlənilir.
Zavodda istehsal tələbatdan asılı olaraq həyata keçirilir.
Emil İsmayılov SOCAR Etilen-Polietilen zavoduMənbə: apa.az