Qarabağa səfər edən diplomatlara hücumlar: Ermənistan sülhə hazır deyil - TƏHLİL

Qarabağa səfər edən diplomatlara hücumlar: Ermənistan sülhə hazır deyil - TƏHLİL

Tarix: 16 Sep 2026 16:34

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri Ermənistanda siyasi dairələrin, ictimai fəalların və medianın sərt reaksiyası ilə qarşılanıb. Halbuki Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisidir və bu ərazilərə istənilən səfərlərin, orada beynəlxalq tədbirlərin təşkili Bakının müstəsna hüququdur. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdiyi şəraitdə belə səfərlərin yenidən siyasi hücum predmetinə çevrilməsi İrəvanın sülh ritorikası ilə ölkə daxilindəki yanaşmalar arasında ziddiyyətin qaldığını göstərir. Xüsusilə reaksiyaların siyasi səviyyəyə keçməsi Ermənistanda Qarabağ məsələsinin hələ də daxili siyasi diskursdan çıxmadığını göstərir.

Baş verənlər belə qənaətə gəlməyə əsas verir ki, Ermənistan cəmiyyəti, eləcə də hakim dairələr revanşizm əhval-ruhiyyəsindən qurtula bilmir. Ermənistan hər nə qədər sülh tərəfdarı olduğunu sözdə bəyan etsə də, əməldə bunun əksini müşahidə edirik. Ermənistan sülhə hazır deyil, hakimiyyətin sülh haqqında bəyanatları isə gözdən pərdə asmaqdan başqa bir şey deyil. Bu məsələdə Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim komanda da revanşist qruplardan o qədər də fərqlənmir. Diplomatik korpusun səfərinə verilən reaksiyalar Ermənistanda hücum kampaniyasının arxasında bilavasitə hakimiyyətin durduğunu, emosiyaları qızışdırdığını söyləməyə əsas verir.

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin aparıcı məsləhətçisi Fuad Abdullayev APA-ya açıqlamasında bildirib ki, diplomatik korpusun Qarabağa səfərinə Ermənistanda verilən reaksiyanı, sadəcə, emosional narazılıq kimi qiymətləndirmək düzgün olmaz.

Onun sözlərinə görə, reaksiyanın həm siyasi dairələri, həm də ictimai və informasiya mühitini əhatə etməsi məsələnin daha dərin səbəblərinin olduğunu göstərir. Ekspert hesab edir ki, Azərbaycanın suveren ərazisinə təşkil olunan diplomatik səfərin bu səviyyədə etirazla qarşılanması Ermənistan cəmiyyətində Qarabağla bağlı köhnə siyasi yanaşmaların hələ də tam aradan qalxmadığını nümayiş etdirir.

Azərbaycan Respublikasında akkreditə olunmuş xarici diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərinə səfəri erməni ictimaiyyəti və siyasi isteblişmenti tərəfindən qeyri-mütənasib dərəcədə kəskin və hüquqi baxımdan əsassız reaksiya ilə qarşılanıb. Açıq informasiya isteriyasına çevrilən bu reaksiya ətraflı ekspert təhlili tələb edir. Çünki söhbət, sadəcə, emosional reaksiyadan deyil, Ermənistan cəmiyyətində və dövlət siyasətində mövcud olan daha dərin struktur problemlərin simptomundan gedir”, – ekspert vurğulayıb.

Fuad Abdullayev hesab edir ki, məsələyə, ilk növbədə, beynəlxalq hüquq və dövlət suverenliyi prinsiplərindən yanaşmaq lazımdır: “Qarabağ Azərbaycanın suveren ərazisinin ayrılmaz və beynəlxalq səviyyədə tanınmış hissəsidir. Hüquq baxımından suveren dövlət öz dövlət sərhədləri daxilində tam yurisdiksiyanı həyata keçirmək üçün müstəsna hüquqa malikdir. Bu ayrılmaz hüquq dövlətin öz ərazisinə kimi, nə vaxt və hansı şərtlərlə dəvət edəcəyini müəyyənləşdirməkdə tam sərbəstliyini də əhatə edir. Söhbət xarici diplomatlardan, beynəlxalq təşkilatların nümayəndələrindən, jurnalistlərdən və ya turistlərdən gedirsə, onların Qarabağ ərazisində olması yalnız Bakı ilə onları göndərən dövlətlər arasındakı ikitərəfli münasibətlərin predmetidir”.

Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməsi fonunda Azərbaycanın Qarabağdakı suveren fəaliyyətlərinə etirazların davam etməsi sülh prosesində siyasi bəyanatlarla ictimai-siyasi diskurs arasında uyğunsuzluğu üzə çıxarır. Ərazi bütövlüyünün tanınması həmin ərazilərdə digər dövlətin suveren yurisdiksiyasının da qəbul edilməsini nəzərdə tutur.

F. Abdullayevin fikrincə, diplomatik korpusun səfərləri həm də xarici nümayəndələrin bölgədəki vəziyyətlə birbaşa tanış olması baxımından mühüm əhəmiyyət daşıyır: “Xarici diplomatlar erməni lobbiçiliyinin və təbliğatının prizmasından deyil, öz gözləri ilə iki mühüm məqamı görmək imkanı əldə edirlər: birincisi, Ermənistan işğalının geridə qoyduğu dağıntıların apokaliptik miqyasını – yerlə-yeksan edilmiş şəhərləri, minalanmış sahələri, yer üzündən silinmiş irs obyektlərini; ikincisi isə Azərbaycanın infrastrukturun bərpası, məcburi köçkünlərin geri qaytarılması və regionun reinteqrasiyası istiqamətində həyata keçirdiyi genişmiqyaslı quruculuq işlərinin tempini...

Ekspertin sözlərinə görə, Ermənistanda səfər ətrafında yaranan reaksiyalar daha geniş siyasi problemin – revanşist yanaşmaların mövcudluğunun göstəricisi kimi də qiymətləndirilməlidir.

Diplomatların Qarabağa səfəri ətrafında son isteriya ərazi ekspansiyası ilə bağlı destruktiv ideyanın – “Miatsum” adlandırılan konsepsiyanın hələ də yaşadığının birbaşa göstəricisidir. 2020-ci ildə kapitulyasiyaya və 2023-cü ildə Azərbaycanın suverenliyinin tam bərpasına baxmayaraq, Ermənistan siyasi spektrinin əhəmiyyətli hissəsi yeni geosiyasi reallıqları qəbul etməkdən imtina edir”, – F. Abdullayev deyib.

Bu kontekstdə məsələ təkcə diplomatların konkret səfərinə münasibətlə məhdudlaşmır. Əsas sual Ermənistanın sülh və qarşılıqlı ərazi bütövlüyünün tanınması barədə bəyanatlarının ölkənin həm siyasi dairələrində, həm də cəmiyyətində nə dərəcədə praktik qarşılıq tapmasıdır. Bu mənada dayanıqlı sülh üçün keçmiş münaqişə məntiqindən və ərazi iddialarını xatırladan yanaşmalardan imtina edilməsi vacib şərtlərdən biridir.

Fuad Abdullayev birmənalı olaraq qeyd edib ki, Ermənistan tərəfinin Azərbaycanın suveren ərazisində xarici nümayəndələrin hərəkətinə etiraz etməsinin hüquqi əsası yoxdur: “Erməni ictimaiyyətinin və ya Ermənistanın dövlət institutlarının Azərbaycanın suveren ərazisində xarici missiyaların hərəkəti ilə bağlı narazılıq ifadə etməsi, etiraz bildirməsi və ya şərtlər diktə etməyə çalışması absurddur. Öz suveren torpaqlarına istənilən şəxsi aparmaq və müşayiət etmək sırf suveren dövlətin işidir”.

Ekspertin qənaətinə görə, Ermənistan daxilində revanşist yanaşmalar aradan qalxmadığı müddətdə sülh prosesinin yalnız siyasi bəyanatlar səviyyəsində irəliləməsi kifayət etməyəcək.

Qarabağ Azərbaycanın suveren ərazisidir və diplomatlar da daxil olmaqla, istənilən şəxslərin bu ərazidə hərəkəti rəsmi Bakının müstəsna səlahiyyətidir və üçüncü tərəflərlə müzakirə predmeti ola bilməz. Ermənistanda ideoloji revanşizm aradan qaldırılmayana və hökumət siyasi oyunlara son qoyaraq bəyanatlardan sülh müqaviləsinin imzalanması istiqamətində real addımlara keçməyənədək regionda davamlı sülh mümkün olmayacaq”, – Fuad Abdullayev yekunlaşdırıb.

Faiq Mahmudov Qarabağ Şərqi Zəngəzur diplomatik korpus Azərbaycan Ermənistan sülh prosesi ərazi bütövlüyü dövlət suverenliyi revanşizm Fuad Abdullayev

Mənbə: apa.az

Xəbər Lenti