Şahin Bağırov: Azərbaycanın NCTS-ə qoşulması istiqamətində işlər davam etdirilir

Şahin Bağırov: Azərbaycanın NCTS-ə qoşulması istiqamətində işlər davam etdirilir

Tarix: 28 Sep 2026 12:23

Azərbaycanın NCTS-ə qoşulması istiqamətində görülən işlər açıqlanıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırovun jurnalistlərə açıqlamasında bildirib.

Onun szölərinə görə, qeyd olunan növbəti mərhələnin həyata keçirilməsi üçün bütün mexanizmlər və lazımi tədbirlər görülür:

"İlk növbədə, infrastrukturun genişləndirilməsi və inkişafı təmin edilməlidir. Çünki yollar, körpülər, tunellər və digər məsələlər həll olunmalıdır. Hökumətimiz də bu istiqamətdə müvafiq işləri həyata keçirir. Eyni zamanda, prosedurların sadələşdirilməsi də mühüm əhəmiyyət daşıyır. İnfrastrukturun inkişafı ilə yanaşı, tranzit daşımalarına xidmət göstərən prosedurların sürətləndirilməsi və daha səmərəli təşkil olunması vacibdir. Bizim vəzifəmiz bu prosedurları daha da sadələşdirmək və onları rəqəmsal əsasda həyata keçirməkdir."

Şahin Bağırov qeyd edib ki, hazırda dünyada, o cümlədən Azərbaycanın coğrafiyasında və regionda yeni tranzit keçidlərində bir çox müasir alətlərdən istifadə olunur:

"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı çərçivəsində, eləcə də Avropa və digər regional tərəfdaşlarla əməkdaşlıqda bu imkanlardan istifadə etmək bizim üçün böyük əhəmiyyət daşıyır. Bizim yeni rəqəmsal tranzit sistemimiz var. Bu sistemdən Avropa ölkələri, o cümlədən Türkiyə və Gürcüstan istifadə edirlər. Bu, müasir tranzit sistemidir və tam elektronlaşdırılıb. Kağız sənədləşməyə ehtiyac olmadan məlumatların daha sürətli emalına və sərhəd keçidinin operativ şəkildə təmin edilməsinə imkan verir".

"Hazırkı mərhələdə əsas hədəfimiz bu yeni rəqəmsal tranzit sisteminin tətbiqi ilə bağlı işləri mümkün qədər tez başa çatdırmaqdır: "Bu istiqamətdə ilkin danışıqların və görülən işlərin əhəmiyyəti çox böyükdür. Hazırda sistemin üzərində müvafiq işlər aparılır və onun informasiya texnologiyaları infrastrukturumuza inteqrasiyası təmin edilməlidir.Çünki artıq qeyd etdiyim kimi, Moldova, Gürcüstan, Türkiyə və digər ölkələrlə məlumat mübadiləsinin operativ həyata keçirilməsi, məlumatların əvvəlcədən əldə olunaraq emal edilməsi üçün elektron sistemlər bir-biri ilə uyğunlaşdırılmalı və unifikasiya edilməlidir. Bu sahədə də işlərimizi davam etdiririk və yeni sistemlər üzərində çalışırıq. Düşünürəm ki, bu istiqamətdə görülən işlər bundan sonra da uğurla davam etdiriləcək,"- sədr vurğulayıb.

Fuad Nazimoğlu NCTS Şahin Bağırov

Mənbə: apa.az

Xəbər Lenti