Bazar ertəsi, 28 Sentyabr, 2026
Tarix: 28 Sep 2026 11:47
2026-cı ilin ilk 6 ayı ərzində heyvanlar 34 776 nəfəri dişləyib.
APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin direktor müavini Rita İsmayılova deyib.
O bildirib ki, sadəcə həmin şəxslər arasında 1 nəfərdə quduzluq halı müşahidə olunub.
Rita İsmayılova vurğulayıb ki, heyvanlar 2023-cü ildə 43 mindən çox, 2025-ci ildə isə 45 mindən çox insanı dişləyib.
O, sonda qeyd edib ki, Azərbaycanda quduzluq hallarında azalma tendensiyası nümayiş edilir.
Qeyd edək ki, Xəzər Universiteti və FAO-nun Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Ümumdünya Quduzluqla Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirin əsas məqsədi quduzluğun qarşısının alınması ilə bağlı maarifləndirmənin artırılması olub. FAO-nun Azərbaycandakı nümayəndəsi Nasar Hayat vaksinasiyanın, “Vahid Sağlamlıq” yanaşmasının və sektorlararası əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Bildirilib ki, qlobal “2030-a qədər Sıfır” məqsədi itlərdən insanlara keçən quduzluq səbəbindən insan ölümlərinin sıfıra endirilməsini nəzərdə tutur. Xəzər Universitetinin rektoru Razia İsayeva insan, heyvan və ətraf mühit sağlamlığının qarşılıqlı əlaqəsinin quduzluqla mübarizədə mühüm rol oynadığını bildirib. Tədbirdə Azərbaycanda quduzluğun epidemioloji vəziyyəti, xəstəliyin qarşısının alınması, erkən aşkarlanması və heyvanların immunizasiyası məsələləri müzakirə olunub. Sonda qurumlar arasında əməkdaşlığın gücləndirilməsi və quduzluğun qarşısının alınması üzrə gələcək birgə təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.
Gülcahan İmanqızıMənbə: apa.az