Cümə, 23 Yanvar, 2026
Tarix: 16 Nov 2023 11:10
Quraqlığa davamlı məhsullar, səmərəli suvarma sistemləri və davamlı torpaq idarəetmə üsulları kimi artıq dəyişən iqlimə uyğun ağıllı kənd təsərrüfatı təcrübələrini qəbul etməklə ərzaq təhlükəsizliyini təmin edə və kənd təsərrüfatı sektorunun dayanıqlığını artıra bilərik. Aşağı karbonlu, davamlı gələcəyə keçidin əsası olan iqlim maliyyəsi yaşıl inkişaf gündəliyinin icrasında mühüm rol oynayır.
APA-Economics” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva “Dayanıqlı İnkişafa dair 2-ci Bakı Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, investisiyaları bərpa olunan enerji mənbələrinə, dayanıqlı infrastruktura və iqlimə uyğun kənd təsərrüfatına yönəltməklə nəinki iqlim dəyişmələrinin mənfi təsirlərinin azalda, iqtisadi sabitliyi təşviq edə, yeni iş yerləri yarada bilərik.
Umayra Tağıyeva qeyd edib ki, yaxın günlərdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransı keçiriləcək:
“28-ci Tərəflər Konfransının əsas çağırışı danışıqlardan və planlaşdırmadan icraya keçməkdir. Bu gün ölkələr emissiyalar azaldılması ilə bağlı qoyulmuş hədəflərə çatmaqda çətinlik çəkir, əslində qlobal emissiyalar hələ də artmaqdadır”.
“Emissiyaların azaldılması daha çox maliyyə vəsaiti tələb edir. Təmiz enerji və yaşıl texnologiyalara qlobal sərmayələr artırılmalıdır. İqlim dəyişikliyinin mənfi təsirlərini azaltmağa kömək edən yeni həllər və innovasiyalar təqdim edilməli və ən əsası onlara əlçatanlıq təmin edilməlidir”, - deyə o əlavə edib.
Umayra Tağıyeva bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əlaqələndirilməsi və Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransında ölkə pavilyonu ilə iştirak edəcək:
“İştirakımızın əsas məqsədi iqlim dəyişmələri ilə mübarizəyə verilən önəmi vurğulamaq, yaşıl iqtisadiyyata keçid və iqlim dayanıqlığının təmini üzrə ölkəmizdə tətbiq edilən innovativ idarəçilik metodlarını beynəlxalq ictimaiyyətə nümayiş etdirməkdən ibarətdir. Ölkə pavilyonumuzda yerli və beynəlxalq qurumlar daxil olmaqla ümumilikdə 25-ə yaxın paralel görüşlərin keçirilməsi planlaşdırılır”.
“Keçiriləcək görüşlərdə əsas diqqət iqlim fəaliyyəti, iqlim maliyyəsi, yaşıl enerjiyə keçid, su qıtlığı, dairəvi iqtisadiyyat, ətraf mühitin sağlamlığı, iqlim fəaliyyətinə gənclərin cəlb edilməsi və digər mövzulara yönəldiləcək”, - deyə o əlavə edib.