Çərşənbə axşamı, 24 Noyabr, 2026
Tarix: 24 Nov 2026 19:29
Şəkərli diabet xəstələrinin dövlət təminatı genişləndirilir.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.
Musa Quliyev deyib ki, şəkərli diabet xəstələrinin dərman preparatları, insulin və özünənəzarət vasitələri ilə təminatının genişləndirilməsi dövlətin səhiyyə və sosial müdafiə sahəsində həyata keçirdiyi tədbirlərin mühüm istiqamətlərindən biridir: “Nazirlər Kabinetinin qəbul etdiyi yeni qərar bu kateqoriyadan olan vətəndaşların müasir müalicə imkanlarına çıxışının artırılmasına, tibbi ehtiyaclarının daha dolğun qarşılanmasına və həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Qərarın əhəmiyyəti yalnız dərman və tibbi vasitələrin təminatının genişləndirilməsi ilə məhdudlaşmır. Burada əsas məqsəd xəstəliyin daha effektiv idarə olunması, ağırlaşmaların qarşısının alınması və pasiyentlərin mütəmadi tibbi müşahidəsinin gücləndirilməsidir”.
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri qeyd edib ki, şəkərli diabet xəstələrinin dövlət təminatı üçün 2026-cı ildə 69 milyon manat vəsait ayrılıb, 2027-ci ildə isə bu məbləğin 104 milyon manata çatdırılması nəzərdə tutulur: “Beləliklə, maliyyələşmənin 35 milyon manat və ya təxminən 51 faiz artırılması planlaşdırılır. Hazırda 270 mindən çox vətəndaş dövlət proqramı çərçivəsində dərman preparatları və özünənəzarət vasitələri ilə təmin olunur. Bu, dövlət dəstəyinin geniş əhali qrupunu əhatə etdiyini və proqramın maliyyə imkanlarının artırılmasının sosial əhəmiyyətini göstərir. Dövlət təminatı normalarının genişləndirilməsi xəstələrin və onların ailələrinin müalicə ilə bağlı maddi yükünün azaldılmasına da kömək edəcək. Xüsusilə uzunmüddətli müalicəyə ehtiyacı olan şəxslər üçün dərman və tibbi vasitələrin əlçatanlığı mühüm əhəmiyyət daşıyır”.
İnsulin və müasir tibbi vasitələrlə təminat yenilənir
Musa Quliyev bildirib ki, yeni qərarda insulin təminatının pasiyentlərin fərdi tibbi ehtiyaclarına uyğunlaşdırılması əsas istiqamətlərdən biridir: “İnsulinin gündəlik təminat normasının 40 vahiddən 80 vahidədək, pubertat dövründə olan uşaqlar üçün isə 100 vahidədək artırılması nəzərdə tutulur. Bu yanaşma xəstələrin yaşını, inkişaf mərhələsini və klinik göstəricilərini nəzərə almaqla müalicənin fərdiləşdirilməsinə imkan verəcək. Müasir analoq insulinlərin təminatdakı payının 2025-ci ildəki 28 faizdən 2030-cu ilədək 80 faizə çatdırılması hədəfi də müalicənin keyfiyyətinin yüksəldilməsi baxımından əhəmiyyətlidir. Eyni zamanda, şəkərsalıcı tablet preparatlarının gündəlik təminat normasının artırılması və yeni dərman vasitələrinin təminat siyahısına daxil edilməsi xəstələrin müalicə seçimlərini genişləndirəcək”.
Diabetli uşaqlara xüsusi diqqət yetirilir
Parlamentin komitə sədri vurğulayıb ki, qərarın mühüm yeniliklərindən biri şəkərli diabet xəstəliyi olan uşaqların müasir tibbi texnologiyalarla təminatının genişləndirilməsidir: “Aşağı dozada insulinə ehtiyacı olan 0–7 yaşlı uşaqların həkim təyinatı əsasında insulin pompaları ilə təmin edilməsi, 3–18 yaşlı uşaqlara isə davamlı qlükoza monitorinqi üçün ayda iki sensor verilməsi nəzərdə tutulur. Bu texnologiyalar qanda şəkərin səviyyəsinin daha müntəzəm izlənilməsinə, müalicənin vaxtında tənzimlənməsinə və valideynlərin uşaqların sağlamlıq vəziyyətinə nəzarət imkanlarının genişlənməsinə şərait yaradacaq. Xüsusilə azyaşlı uşaqların müalicəsində belə vasitələrin tətbiqi onların gündəlik həyatının asanlaşdırılması baxımından əhəmiyyətlidir”.
Tibbi müşahidə və elektron resept mexanizmi təkmilləşdirilir
Musa Quliyevin sözlərinə görə, yeni qaydalar pasiyentlərin mütəmadi tibbi müşahidəsini də nəzərdə tutur: “Endokrinoloq müayinələrinin müəyyən edilmiş dövriliklə aparılması, oftalmoloq və ümumi cərrah müayinələrinin təmin edilməsi xəstəliyin ağırlaşmalarının erkən aşkarlanmasına və vaxtında müdaxiləyə imkan verəcək. Dərman preparatları və tibbi vasitələrin verilməsi üçün reseptlərin endokrinoloqun müəyyən etdiyi müalicə sxeminə uyğun olaraq ailə həkimi tərəfindən ayda bir dəfə elektron formada tərtib edilməsi də nəzərdə tutulur. Bu mexanizm həm tibbi xidmətin əlçatanlığını artıracaq, həm də xəstələrin müalicə prosesinin daha sistemli təşkilinə kömək edəcək. Şəkərli diabet xəstələrinin dövlət təminatının genişləndirilməsi yalnız tibbi yardımın həcminin artırılması deyil, həm də vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi deməkdir. Əsas məqsəd hər bir pasiyentin ehtiyacına uyğun müalicə imkanlarına çıxışını təmin etmək, ailələrin maddi yükünü azaltmaq və xüsusilə uşaqların müasir tibbi texnologiyalardan faydalanmasına şərait yaratmaqdır”.
Musa Quliyev şəkərli diabet dərman
Mənbə: apa.az