Meksika “SpaceX” şirkətinə qarşı sanksiyalar tətbiq edə bilər

Meksika “SpaceX” şirkətinə qarşı sanksiyalar tətbiq edə bilər

Tarix: 27 Nov 2026 00:16

Meksika ABŞ-nin “SpaceX” şirkətinə məxsus raketlərin qalıqlarının ölkə ərazisinə düşməsi səbəbindən şirkətə qarşı sanksiyalar tətbiq edə bilər.

APA xəbər verir ki, bunu Meksika Prezidenti Klaudiya Şeynbaum gündəlik mətbuat konfransında bildirib.

“ABŞ səfirliyinin nümayəndələri ilə görüş keçirdik. Fikrimizcə, bu məsələni “SpaceX” şirkəti ilə deyil, ABŞ hökuməti ilə həll etmək lazımdır. Lakin bu, raket qalıqlarının milli sularımıza düşməsi səbəbindən şirkətə qarşı mümkün sanksiyaları istisna etmir”, – deyə Şeynbaum qeyd edib.

Onun sözlərinə görə, ətraf mühitin çirkləndirilməsi faktlarının araşdırılması və şirkətə mümkün cərimələrin tətbiqi ilə Meksikanın Ətraf Mühitin Mühafizəsi üzrə Federal Prokurorluğu məşğul olur.

Bundan başqa, Mexiko “SpaceX” şirkətinin Texas ştatındakı raket buraxılış meydançasının Meksika sərhədinə yaxınlığından narahatdır. Belə ki, buraxılış zamanı raketlər Meksikanın hava məkanına daxil olur.

Şeynbaum bildirib ki, hər bir buraxılış üçün Meksikanın aviasiya qurumlarının icazəsi tələb olunur və müvafiq ərazi digər uçuşlar üçün müvəqqəti bağlanır.

Şirkətin illik raket buraxılışlarının sayını 400-ə çatdırmaq planları hava nəqliyyatı üçün risklər yaradır.

Bununla əlaqədar Meksika iki ölkənin aviasiya qurumları arasında görüşün keçirilməsinə, icazələrin verilməsi qaydalarının müəyyənləşdirilməsinə və zərurət yaranarsa, raket buraxılışı zonasının köçürülməsinin müzakirəsinə çalışır.

Meksika Klaudiya Şeynbaum SpaceX ABŞ Texas raket sanksiyalar ekologiya hava məkanı

Mənbə: apa.az

Xəbər Lenti