Bu il müəlliflik hüquqlarının bərpası ilə bağlı 29 müraciət olub

Tarix: 15 Dec 2023 16:17

Bu il pozulmuş müəlliflik hüquqlarının bərpası ilə bağlı hüquqi və fiziki şəxslər tərəfindən Əqli Mülkiyyət Agentliyinə 29 müraciət daxil olub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Agentlikdən məlumat verilib.

Bildirilib ki, bunlar əsasən elmi, ədəbi əsərlər və musiqi sahəsini əhatə edir:

"Göndərilən müraciətlərdən heç biri əsassız olmayıb. Qeyd edilən müraciətlərlə bağlı Agentlik tərəfindən müəllif-hüquq qanunvericiliyinə əsasən müvafiq araşdırmalar aparılıb, təqdim edilən sənəd və materiallar təhlil edilib, müqayisə aparılıb və zəruri hallarda digər aidiyyəti qurumlara sorğular göndərilib. Agentlik bu istiqamətdə öz səlahiyyətləri çərçivəsində bütün zəruri tədbirləri həyata keçirib.

Bununla yanaşı, Azərbaycan xalqının zəngin adət və ənənələrinin təbliği, xalqımızın folklor nümunələrinin və ənənəvi biliklərinin hüquqi qorunması, xüsusən ermənilər tərəfindən mədəni irsimizin mənimsənilməsi və saxtalaşdırılması cəhdlərinin qarşısının alınması, belə əməllərin ifşa edilməsi və geniş ictimaiyyətə çatdırılması Agentliyin fəaliyyətində əsas istiqamətlərdən olub".

Eyni zamanda, qeyd edilib ki, 2023-cü ilin 11 ayı ərzində Əqli Mülkiyyət Agentliyi tərəfindən pozulmuş müəlliflik hüquqları ilə bağlı 10-a yaxın rəy verilib.

Bildirilib ki, hazırlanan rəylər tarixi, etimoloji və hüquqi aspektlərə əsaslanır.

Həmçinin əlavə edilib ki, 2023-cü ildə plagiatlıq halı ilə bağlı Agentlik 10-a yaxın məhkəmə işinə üçüncü şəxs qismində cəlb edilib və demək olar ki bütün işlərdə məhkəmə iddiaçıların pozulmuş hüquqlarının bərpası barədə qərar çıxarıb:

"Bildiririk ki, müəllifləri və hüquq sahiblərini maraqlandıran məsələlərə dair, o cümlədən pozulmuş müəlliflik hüquqlarının bərpası, piratçılıq, plagiat faktları, habelə əsərlərin dövlət qeydiyyatından keçirilməsi ilə bağlı müraciətləri ilə bağlı sorğularını cavablandırmaq üçün Agentlikdə 960 nömrəli “Çağrı Mərkəzi” və ictimai əsaslarla “Hüquq məsləhətxanası” fəaliyyət göstərir. “Hüquq məsləhətxanası”na, “Çağrı Mərkəzi”nə, Agentliyin elektron poçtuna və sosial şəbəkə səhifələrinə pozulmuş müəlliflik hüquqları ilə bağlı daxil olan hər bir müraciətlə bağlı ətraflı araşdırma aparılır, bununla bağlı qanunvericiliyin tələbləri və müraciətdə qeyd edilən məsələnin həlli yolları izah edilir, müəlliflərin, digər hüquq sahiblərinin, ictimai birliklərin nümayəndələrinin və müəllif-hüquq məsələləri ilə maraqlanan şəxslərin Agentliyə müraciət və sorğuları operativ şəkildə cavablandırılır və Agentliyin səlahiyyətləri çərçivəsində müvafiq köməklik göstərilir.

Qeyd etmək istəyirik ki, plagiat faktı ilə rastlaşmış müəllif (hüququ sahibi) pozulmuş hüquqların bərpası üçün Mülki Prosessual Məcəllə ilə müəyyən edilən qaydada məhkəməyə müraciət etməlidir.

Bu hüquqlar müəllifə və hüquq sahibinə məxsusdur. Eyni zamanda, onlar pozulmuş hüquqlarının bərpasına köməklik edilməsi ilə bağlı Əqli Mülkiyyət Agentliyinə yazılı müraciət edə bilərlər. Müəllif və hüquq sahibinlərinə tövsiyə edirik ki, əsərlərini Agentlikdə qeydiyyatdan keçirsinlər. Agentlik tərəfindən onlara hüquqi yardım göstərilir.

Agentliyə müraciət edildiyi halda, müəllifdən (hüquq sahibindən) əsərin və plagiat olması iddia edilən əsərin nüsxələrinin təqdim olunması istənilir, Agentlikdə onların müqayisəli ekspertizası keçirilir və nəticə etibarı ilə plagiat elementlərinin aşkar olub-olmaması barədə rəy hazırlanaraq hüquq sahibinə təqdim edilir.

Eyni zamanda, plagiatçılıq etməsi iddia olunan tərəf Agentliyə dəvət edilir, hüquq sahibinin müraciəti barədə məlumatlandırılır, ona müəllif-hüquq qanunvericiliyinin tələbləri izah olunur və izahatı alınır. Məsələnin məhkəməyə qədər həlli mümkün olmadıqda, hüquqları pozulmuş müəllifə (hüquq sahibinə) məsələyə hüquqi qiymət verilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunur. Məsələyə hüquq sahibi tərəfinin iddiası əsasında mülki qanunvericiliyə uyğun məhkəmə qaydasında baxılan halda, Agentliyin nümayəndəsi ekspert qismində məhkəmə iclaslarında çıxış edir".

Xəbər Lenti