Cümə, 30 Yanvar, 2026
Tarix: 17 Nov 2023 06:22
Xəbər verdiyimiz kimi, İsrail ordusu ötən gün Qəzza zolağındakı Əl-Şəfa xəstəxanasında yeraltı tunel və içərisində silahlar olan avtomobil aşkar etdiyini açıqlayıb.
“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, daha əvvəl də İsrail HƏMAS yaraqlılarının yeraltı tunellərlə komanda məntəqələrini və girovları gizlətmək üçün xəstəxanadan istifadə etdiyini bildirib.
Buna görə İsrail sözügedən xəstəxanaya bir neçə həftədir ki, yanacaq idxalını dayandırıb.
Lakin bu, xəstəxanaya sığınan minlərlə insanın həyatını ölümlə üz-üzə qoyur: İsrail-HƏMAS müharibəsində ən çox ziyan görən mülki obyektlərdən biri - Əl-Şəfa xəstəxanasında hər gün insanlar ölür...
Xəstəxanada son bir neçə gündə onlarla xəstə elektrik enerjisi və generatorlar üçün yanacaq çatışmazlığı səbəbindən vəfat edib. Hətta Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu xəstəxananı ölü sayına görə “qəbiristanlıq” adlandırıb.
Qəzzadakı iki telekommunikasiya şirkəti şəbəkəni təmin edən enerji mənbələrinin tükəndiyinə görə ərazidəki bütün xidmətləri dayandırıb. BMT-nin Fələstinli Qaçqınlar üzrə Agentliyi isə kommunikasiyaların kəsilməsi və yanacaq olmaması səbəbindən humanitar yük maşınlarının koordinasiyasının mümkün olmadığını açıqlayıb. Bu isə yanacaq çatışmazlığına görə insanların ölməsi deməkdir.
Lakin beynəlxalq çağırışlara rəğmən İsrail rəsmiləri bildiriblər ki, Kalaşnikov tüfəngləri və qumbaraatanlar da daxil olmaqla hərbi texnikaların aşkar edildiyi obyekt artıq xəstəxana statusunda deyil, müharibədə ən qaynar hərbi məntəqələrdən biridir.
Xatırladaq ki, İsrail-HƏMAS müharibəsində oktyabrın 7-dən bəri Qəzzada 4700-dən çoxu uşaq olmaqla 11500 nəfər ölüb.
Qeyd edək ki, bura Qəzza zolağındakı ən böyük xəstəxanadır. 360 kvadrat kilometrlik xəstəxana 1946-cı ildə inşa edilib.
Azadə Yolçu
