ABŞ–Azərbaycan münasibətlərində dönüş nöqtəsi - TƏHLİL

Tarix: 08 Jan 2026 18:33

2025-ci il Azərbaycan–ABŞ münasibətləri baxımından tarixi dönüş ili kimi dəyərləndirilir. Müharibədən sülhə keçid mərhələsində formalaşan yeni geosiyasi reallıqlar fonunda iki ölkə arasında əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksələrək strateji tərəfdaşlıq mərhələsinə daxil olub. Bu proses təkcə diplomatik münasibətlərin intensivləşməsi deyil, həm də qarşılıqlı maraqlara əsaslanan uzunmüddətli əməkdaşlıq modelinin formalaşması ilə xarakterizə olunur.

Prezident İlham Əliyevin ABŞ-a səfəri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində aparılan yüksək səviyyəli danışıqlar Vaşinqtonun Cənubi Qafqazda yaranmış yeni reallıqları qəbul etdiyini və Azərbaycanın regionda artan strateji rolunu nəzərə aldığını nümayiş etdirdi. ABŞ üçün enerji təhlükəsizliyi, nəqliyyat və tranzit marşrutları, regional sabitlik kimi məsələlərdə Azərbaycanın mövqeyi əsas faktor kimi ön plana çıxır.

Müharibədən sonrakı dövrdə Azərbaycanın sülh təşəbbüsləri, beynəlxalq hüquqa əsaslanan mövqeyi və regional əməkdaşlığa verdiyi töhfələr ABŞ–Azərbaycan münasibətlərinin məzmununu daha da dərinləşdirib. 2025-ci ildə bu münasibətlər artıq situativ əməkdaşlıqdan çıxaraq institusional və strateji xarakter almağa başlayıb. Prezidentin ABŞ-a səfəri və əldə olunan razılaşmalar Azərbaycan–ABŞ əlaqələrinin yeni mərhələyə keçidini təsdiqləyən mühüm siyasi hadisə kimi çıxış edir və iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsi üçün möhkəm əsas yaradır.

Vaşinqton–Bakı xəttində yeni siyasi mərhələ: strateji etimadın möhkəmlənməsi

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, politoloq Sultan Zahidov APA-ya açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin bir neçə gün əvvəl televiziya kanallarına verdiyi müsahibənin məhz Azərbaycan–ABŞ münasibətləri ilə bağlı suala cavabla başlaması ciddi siyasi məna daşıyır.

Onun sözlərinə görə, bu çıxış Bakı ilə Vaşinqton arasında formalaşmış münasibətlərin artıq ən yüksək siyasi mərhələyə daxil olduğunu, tərəflər arasında strateji etimadın möhkəmləndiyini və əlaqələrin sadəcə diplomatik dialoq səviyyəsindən çıxaraq real geosiyasi tərəfdaşlıq müstəvisinə keçdiyini açıq şəkildə ortaya qoydu:

Prezident İlham Əliyevin də vurğuladığı kimi, 2025-ci il Azərbaycan–ABŞ əlaqələri baxımından xüsusi əhəmiyyət daşıyan və münasibətlərdə yeni mərhələ kimi dəyərləndirilə biləcək bir dövrdür. Onun sözlərinə görə, bu il iki ölkə arasında münasibətlərin keyfiyyətcə fərqli səviyyəyə yüksəldiyini göstərən konkret siyasi nəticələrlə yadda qalır”.

Politoloq qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın birbaşa şahidliyi ilə Azərbaycan və Ermənistan arasında sülh prosesi çərçivəsində mühüm addımın atılması bu baxımdan həlledici məqam olub: “Avqustun 8-də Vaşinqtonda imzalanan Sülh Bəyannaməsi təxminən 30 il davam etmiş münaqişənin başa çatdırılması baxımından tarixi əhəmiyyətə malikdir və regionda yeni siyasi və təhlükəsizlik arxitekturasının formalaşmasına zəmin yaradır. Sözügedən bəyannamə ilə Azərbaycanın qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində real və praktiki addımların atılması mümkün olub. Bu məsələ uzun illər regional və beynəlxalq müzakirələrin mövzusu olsa da, ilk dəfədir konkret irəliləyiş qeydə alınır və bu, eyni zamanda, Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı deməkdir”.

Vaşinqton razılaşmaları Azərbaycan–ABŞ strateji tərəfdaşlığının institusional əsaslarını formalaşdırır

Ekspert əlavə edib ki, Vaşinqtonda imzalanan sənədlər çərçivəsində Azərbaycan və ABŞ arasında ikitərəfli bəyanat razılaşdırılıb və həmin sənəddə Strateji İşçi Qrupunun yaradılması, eləcə də strateji tərəfdaşlıq xartiyası üzərində işlərin aparılması barədə razılıq əldə olunub.

Onun sözlərinə görə, artıq hər iki tərəfdən müvafiq işçi qrupları formalaşdırılıb və proses intensiv şəkildə davam edir: “2025-ci ildə Azərbaycan ilə ABŞ arasında münasibətlərin bu səviyyəyə yüksəlməsi və artıq strateji tərəfdaşlıq mərhələsinə doğru ciddi irəliləyiş əldə olunması bir neçə mühüm amillə izah olunur. Bu amillərdən biri ABŞ-da Tramp administrasiyasının hakimiyyətə gəlməsidir. Məlum olduğu kimi, bu administrasiya beynəlxalq münasibətlərə daha praqmatik yanaşma sərgiləyir və Azərbaycanın regional əhəmiyyətini əvvəlki administrasiyalarla, xüsusilə də Obama–Bayden və Bayden–Blinken administrasiyaları ilə müqayisədə daha düzgün və real qiymətləndirir. Digər mühüm faktor Ermənistan–Azərbaycan arasında sülh prosesinin başlaması və uzun illər davam edən münaqişənin faktiki olaraq başa çatmasıdır. Qeyd etmək lazımdır ki, bu münaqişə əvvəlki dövrlərdə, ədalətsiz yanaşmalar fonunda, ABŞ-ın Azərbaycana münasibətlərində mənfi rol oynayan və əməkdaşlığın inkişafını əngəlləyən əsas amillərdən biri olmuşdu. Münaqişənin aradan qalxması isə bu maneəni də faktiki olaraq gündəmdən çıxarıb. Nəhayət, Azərbaycanın regionda artan strateji çəkisi də münasibətlərin yeni mərhələyə yüksəlməsində həlledici rol oynayır. Ölkəmizin Şərq–Qərb, Şimal–Cənub nəqliyyat və kommunikasiya dəhlizlərinin qovşağında yerləşməsi, həm enerji istehsalçısı, həm də enerji tranzit ölkəsi kimi mühüm mövqeyə malik olması Vaşinqton üçün Azərbaycanın əhəmiyyətini daha da artırır. Məhz xarici siyasətdə praqmatik və real maraqlara əsaslanan yanaşma sərgiləyən Tramp administrasiyası üçün bu faktorlar Azərbaycanın strateji dəyərini əvvəlki dövrlərlə müqayisədə xeyli yüksəldib”.

907-ci düzəlişin dayandırılması ABŞ–Azərbaycan münasibətlərində strateji dönüş yaradır

Prezident Trampın 907-ci düzəlişin tətbiqini dayandıran sərəncam imzalaması ABŞ–Azərbaycan münasibətlərində yeni siyasi mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. 1992-ci ildə qəbul edilən və postsovet məkanında yalnız Azərbaycana qarşı tətbiq olunan bu düzəliş mahiyyət etibarilə tarixi ədalətsizlik idi və illər boyunca Vaşinqtonun Bakı ilə münasibətlərində siyasi təzyiq aləti funksiyasını yerinə yetirdi. Düzəlişin ortaya çıxması erməni lobbisinin ABŞ siyasi institutlarına təsiri, eləcə də həmin dövrdə Azərbaycanda mövcud olan zəif və qeyri-peşəkar hakimiyyətin passiv mövqeyi ilə birbaşa bağlı olmuşdu.

2002-ci ildən etibarən müvəqqəti dayandırılan 907-ci düzəlişin Bayden-Blinken administrasiyası dövründə yenidən aktuallaşdırılması ABŞ–Azərbaycan əlaqələrində etimad mühitinə ciddi zərbə vurdu. Halbuki regional reallıqlar və Azərbaycanın artan geosiyasi çəkisi bu sənədin artıq tamamilə mənasız olduğunu açıq şəkildə göstərir. Tramp administrasiyası dövründə formalaşan yeni siyasi xətt fonunda 907-ci düzəlişin Konqres tərəfindən birdəfəlik ləğvi ABŞ–Azərbaycan münasibətlərinin strateji məcraya keçidi üçün zəruri addım kimi önə çıxır.

Politoloq Sultan Zahidov qeyd edib ki, Azərbaycan–ABŞ münasibətlərinin strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyduğu bir şəraitdə 907-ci düzəlişin hələ də hüquqi qüvvədə saxlanılması mövcud siyasi reallıqlara ziddir:

Prezidentin müsahibəsində vurğuladığı kimi, mühüm bir məqam var ki, Azərbaycan–ABŞ münasibətlərinin mövcud reallığı ilə uzlaşmır. Söhbət 907-ci düzəlişin hələ də hüquqi baxımdan qüvvədə qalmasından gedir. Halbuki iki ölkə arasında münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsinə doğru inkişaf edir və bu cür hüquqi məhdudiyyət indiki siyasi reallığı əks etdirmir”.

907-ci düzəliş Azərbaycana qarşı yönəlmiş açıq ədalətsiz hüquqi aktdır

Onun sözlərinə görə, 907-ci düzəliş ədalətsiz şəkildə qəbul edilmiş və açıq-aşkar Azərbaycanın əleyhinə yönəlmiş hüquqi akt olub.

Politoloq bildirib ki, bu düzəliş 1992-ci il oktyabrın 24-də erməni diasporunun təsiri altında olan bir sıra konqresmen və senatorların fəal səyləri nəticəsində ABŞ qanunvericiliyinə daxil edilib: “Düzəlişin mətnində guya Azərbaycanın Ermənistanı və Qarabağı blokadada saxladığı iddia olunurdu və bu əsasla ABŞ-ın Azərbaycana maliyyə və iqtisadi yardım göstərməməsi nəzərdə tutulurdu”.

Sultan Zahidov qeyd edib ki, bu iddialar reallığı əks etdirmirdi: “Həmin dövrdə işğala məruz qalan tərəf məhz Azərbaycan idi. Ermənistan blokadada deyildi, onun Gürcüstan və İranla sərhədləri açıq idi”.

Politoloqun sözlərinə görə, buna baxmayaraq, ABŞ Konqresi 907-ci düzəliş vasitəsilə yalnız Azərbaycanı maliyyə dəstəyindən məhrum edib. O əlavə edib ki, həmin vaxt artıq Laçın və Şuşa işğal olunmuş, Xocalı soyqırımı törədilmiş, minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü.

Ekspert vurğulayıb ki, 907-ci düzəliş ABŞ Konqresinin 1992-ci il avqustun 6-da qəbul etdiyi Azadlığa Dəstək Aktına əlavə idi.

Bu akt Sovet İttifaqının dağılmasından sonra müstəqillik əldə etmiş dövlətlərin demokratik idarəetməyə və bazar iqtisadiyyatına keçidinə dəstək göstərilməsini nəzərdə tuturdu. Lakin həmin ilin oktyabrında qəbul edilən 907-ci düzəlişlə bu dəstəkdən yalnız Azərbaycan kənarda saxlanıldı”, – politoloq diqqətə çatdırıb və bunu postsovet məkanında ölkəmizə qarşı tətbiq olunan açıq ədalətsizliyin bariz nümunəsi kimi dəyərləndirib.

O qeyd edib ki, bu düzəliş 2002-ci ilin yanvarına qədər tam qüvvədə qalıb: “Yalnız ABŞ-ın Əfqanıstandakı əməliyyatları zamanı Azərbaycanın ABŞ və NATO qüvvələrinə nəqliyyat və logistika dəstəyi göstərməsi fonunda Vaşinqton bu düzəlişin icrasını müvəqqəti olaraq dayandırmaq qərarına gəldi”.

Onun sözlərinə görə, sonrakı illərdə ABŞ prezidentləri tərəfindən düzəlişin tətbiqi hər il müvəqqəti dondurulsa da, 2024-cü ildə Co Bayden administrasiyası bunu uzatmaqdan imtina edib ki, bu da qeyri-ədalətli və riyakar mövqenin növbəti təzahürü kimi qiymətləndirilə bilər.

Tramp administrasiyasının addımı 907-ci düzəlişin tam ləğvi üçün real imkanlar yaradır

Politoloqun fikrincə, hazırda vəziyyət dəyişib: “Donald Tramp administrasiyası 907-ci düzəlişin icrasını yenidən dayandırıb və bu addım ABŞ-ın Azərbaycanla münasibətlərə verdiyi əhəmiyyəti nümayiş etdirir”.

O əlavə edib ki, regionda Azərbaycanın təşəbbüsü ilə sülh prosesi formalaşır və sülh quruculuğu istiqamətində real addımlar atılır, bütün bunlar isə 907-ci düzəlişin tam ləğvi üçün ciddi əsaslar yaradır.

Sultan Zahidov xatırladıb ki, ötən ilin dekabrında ABŞ Konqresinə 907-ci düzəlişin ləğvini nəzərdə tutan qanun layihəsi təqdim olunub. Onun sözlərinə görə, ABŞ-da qanunvericilik prosesi kifayət qədər mürəkkəbdir və sənədin qəbul edilməsi uzun mərhələli prosedurlardan keçməlidir.

Qanun layihəsi əvvəlcə Nümayəndələr Palatasının gündəliyinə daxil edilməli, daha sonra Xarici Əlaqələr Komitəsində və müvafiq alt komitələrdə müzakirə olunmalıdır”.

O əlavə edib ki, bundan sonra sənəd yenidən Nümayəndələr Palatasında səsverməyə çıxarılmalı, qəbul edildiyi halda Senata göndərilməlidir: “Senatda da analoji prosedurlar – Xarici Əlaqələr Komitəsində müzakirə və ümumi səsvermə mərhələləri nəzərdə tutulur. Yalnız bütün bu mərhələlərdən sonra sənəd Prezidentin imzasına təqdim oluna bilər. ABŞ Konqresində erməni diasporunun təsiri hələ də güclü olduğundan prosesin qısa müddətdə yekunlaşacağını söyləmək çətindir”.

Buna baxmayaraq, politoloq hesab edir ki, hazırkı geosiyasi reallıqlar fonunda 907-ci düzəlişin ləğvi üçün real imkanlar mövcuddur.

Xüsusilə 2026-cı ildə ABŞ-da keçiriləcək aralıq seçkilərin nəticələri bu prosesə ciddi təsir göstərə bilər. Respublikaçıların mövqelərinin güclənəcəyi təqdirdə, düzəlişin birdəfəlik ləğvi daha real görünür, əks halda isə proses müəyyən qədər mürəkkəbləşə bilər”, – Sultan Zahidov fikrini yekunlaşdırıb.

Faiq Mahmudov Azərbaycan–ABŞ strateji tərəfdaşlığı Vaşinqton–Bakı siyasi xətti Prezident İlham Əliyevin ABŞ-a səfəri Cənubi Qafqazda yeni geosiyasi reallıqlar Ermənistan–Azərbaycan sülh prosesi Zəngəzur dəhlizi Vaşinqton Sülh Bəyannaməsi 907-ci düzəlişin dayandırılması ABŞ enerji və nəqliyyat maraqları Tramp administrasiyasının praqmatik siyasəti

Xəbər Lenti