Aİ ilə Hindistan təhlükəsizlik və müdafiə paktını imzalayıb

Tarix: 27 Jan 2026 12:59

Avropa İttifaqı (Aİ) və Hindistan təhlükəsizlik və müdafiə tərəfdaşlığına imza atıb.

APA xəbər verir ki, bu barədə Avropa Komissiyası bəyanat yayıb.

Bəyanatda vurğulanır ki, bu, iki tərəf arasında müdafiə və təhlükəsizlik sahəsində ilk sazişdir.

Saziş dəniz təhlükəsizliyi, müdafiə sənayesi və texnologiya, kibertəhlükəsizlik və hibrid təhdidlər, kosmos və terrorizmə qarşı mübarizə kimi sahələrdə əməkdaşlığı gücləndirəcək.

Aİ və Hindistan liderləri, həmçinin, Məlumat Təhlükəsizliyi Müqaviləsi üzrə danışıqların yekunlaşmasını alqışlayıblar. Bu müqavilə məxfi məlumat mübadiləsini asanlaşdıracaq və təhlükəsizlik və müdafiə sahələrində daha güclü əməkdaşlığa zəmin yaradacaq.

Tarixi tərəfdaşlıq bu gün Yeni Delhidə keçirilən 16-cı Aİ–Hindistan Zirvə görüşündə rəsmi olaraq təsdiqlənib.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Hindistanın Avropa müdafiə təşəbbüslərində iştirakını araşdıracaqlar: “Bu gün yeni Aİ-Hindistan Təhlükəsizlik və Müdafiə Tərəfdaşlığı imzalamaq böyük məmnuniyyət idi. Pakt illik təhlükəsizlik və müdafiə dialoquna başlayır, ilk görüş bir aydan sonra keçiriləcək və dəniz təhlükəsizliyi, kiberməsələlər və terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığı dərinləşdirir. Eyni zamanda, Hindistanın Avropa müdafiə təşəbbüslərində iştirakını araşdıracağıq”.

İlqar Xudiyev Aİ Hindistan müdafiə sazişi

Xəbər Lenti