Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 27 Jan 2026 14:22
Gürcüstanın səhiyyə nazirinin keçmiş müavini İlya Quduşauri vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətində keçirilən brifinqdə bildirilib.
İstintaqla müəyyən edilib ki, Quduşauri 2022-ci ildə təcili tibbi yardım maşınlarının alınması üzrə tenderi qanunsuz olaraq ləğv edib. 2023-cü ildə onun göstərişi ilə yeni tender elan edilib, şərtlər konkret şirkət üçün uyğunlaşdırılıb və bu səbəbdən digər şirkətlər tenderə qatıla bilməyib.
Tenderin əsasında Səhiyyə Nazirliyi əvvəlcədən seçilmiş şirkətə əsassız olaraq 2,1 milyon lari ödəyib və bununla da dövlətin qanuni maraqlarını pozub.
***
11:30
Gürcüstan səhiyyə nazirinin keçmiş müavini İlya Quduşauri saxlanılıb.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə onun vəkili Dmitri Mçedlişvili yerli mediaya məlumat verib.
O, Quduşaurinin ötən gün Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinə aparıldığını və hazırda təcridxanada saxlanıldığını bildirib.
Keçmiş yüksək vəzifəli məmurun nədə ittiham olunduğu məlum deyil.
Qeyd edək ki, İlya Quduşauri keçmiş səhiyyə naziri Zurab Azaraşvilinin müavini olub. O, bu vəzifəyə 2022-ci ilin yanvarında təyinat alıb. Bundan öncə o, Təhsil və Elmi İnfrastruktur Agentliyi və Bələdiyyələrin İnkişafı Fonduna rəhbərlik edib. Onun qardaşı Gürcüstanın Müdafiə Nazirliyinin Təchizat şöbəsinin keçmiş rəhbəri Vladimir Quduşauri bir neçə ay öncə saxlanılsa da, 10 min lari girov müqabilində azadlığa buraxılıb.
Cəmilə Babayeva Gürcüstan səhiyyə naziri keçmiş müavin