Danimarka Qrenlandiyaya icarəyə götürülmüş sovet gəmisini göndərib

Tarix: 29 Jan 2026 07:53

Danimarka hakimiyyəti Qrenlandiyada üzən kazarma yerləşdirməyi planlaşdırır. APA xəbər verir ki, bu barədə "Bild" Danimarka Silahlı Qüvvələrinə istinadən məlumat yayıb. Kazarma sovet dövründə inşa edilmiş “Konstantin Simonov” bərəsinin bazasında yaradılıb. Gəmi 2014-cü ildə yenidən təchiz edilərək MS “Ocean Endeavour” ekspedisiya gəmisi adlandırılıb.

Məlumata görə, gələn il Qrenlandiyada keçiriləcək “Arctic Endurance” təlimlərində iştirak edəcək Danimarka və digər ölkələrin hərbçilərinin bir hissəsi fevral ayının əvvəlindən etibarən “Ocean Endeavour” gəmisində yerləşdiriləcək. Gəmi Qrenlandiyanın paytaxtı Nuuk limanında lövbər salacaq.

Qeyd olunur ki, üzən kazarma Nuuk şəhərindəki hotellərə əlavə yükün düşməsinin də qarşısını alacaq.

"Bild" xatırladır ki, gəmi 1982-ci ildə SSRİ-nin Uzaq Şərq Gəmiçiliyi üçün “Konstantin Simonov” adı ilə inşa edilib. Daha sonra gəmi ABŞ-ın “SunStone” şirkəti tərəfindən alınıb, 2014-cü ildə təmir olunub və 2025-ci ilin oktyabrında satışa çıxarılıb.

Xəbər Lenti