Kreml: Putin generala qarşı sui-qəsd cəhdi barədə məlumatlandırılıb

Tarix: 06 Feb 2026 14:39

"Rusiya Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdi ilə bağlı məlumatlar Prezident Vladimir Putinə məruzə edilir".

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Təhlükəsizlik xidmətləri hazırda işlərini görür və təbii ki, prezidentə hesabat verirlər", - deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinin (QRU) rəisinin birinci müavini Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdi Moskvanın şimal-qərbində baş verib. Naməlum şəxs onu güllələyib. Yaralanan general xəstəxanaya yerləşdirilib.

Müstəntiqlərin sözlərinə görə, 6 fevral 2026-cı ildə Moskvanın Volokolamskoye şossesindəki yaşayış binasında hələlik şəxsiyyəti məlum olmayan bir şəxs Müdafiə Nazirliyinin əməkdaşına bir neçə dəfə atəş açaraq hadisə yerindən qaçıb.

Rusiya Federasiyasının İstintaq Komitəsi 30-cu maddənin 3-cü hissəsi, 105-ci maddənin 1-ci hissəsi ("qəsdən adam öldürməyə cəhd") və 222-ci maddənin 1-ci hissəsi ("odlu silahın qanunsuz dövriyyəsi") ilə cinayət işi açıb.

Fərid Əkbərov Rusiya Kreml Vladimir Alekseyev Rusiya Müdafiə Nazirliyi

Xəbər Lenti