Aİ-nin 20-ci sanksiyalar paketi Rusiya neftini daşıyan gəmilərə xidmət göstərilməsini qadağan edəcək

Tarix: 06 Feb 2026 18:34

Avropa İttifaqının Rusiyaya qarşı 20-ci sanksiyalar paketi energetika sektorunu, maliyyə xidmətlərini və ticarəti əhatə edir.

APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin bəyanatında bildirilib.

“Energetika sahəsində biz Rusiya mənşəli xam neftin daşınması üçün dəniz xidmətlərinin göstərilməsinə tam qadağa tətbiq edirik. Bu, Rusiyanın enerji gəlirlərini daha da azaldacaq və onun nefti üçün alıcı tapmağı çətinləşdirəcək. Gəmiçilik qlobal biznes olduğuna görə, G7 ölkələri müvafiq qərar qəbul etdikdən sonra bu tam qadağanı eyni düşüncəli tərəfdaşlarla koordinasiyalı şəkildə tətbiq etməyi təklif edirik”, - o deyib.

Ursula von der Leyen sanksiyalar siyahısında Rusiya neftini daşıyan gəmilərin sayının artacağını deyib.

“Biz “kölgə donanması”na aid daha 43 gəmini sanksiya siyahısına salırıq və onların ümumi sayını 640-a çatdırırıq. Həmçinin Rusiyanın bu donanmada istifadə üçün tanker əldə etməsini çətinləşdiririk, maye qaz tankerleri və buzqıranlar üçün xidmətlərə geniş qadağalar tətbiq edirik ki, əlavə olaraq qaz ixracı layihələrini zəiflədək”, - Ursula von der Leyen qeyd edib.

O, yeni sanksiyaların bank, maliyyə sektorunu da əhatə edəcəyini bildirib: “Biz daha Rusiya daha 20 regional bankına qarşı sanksiyalar tətbiq edirik və sanksiyalardan yayınma yollarını bağlamaq məqsədilə kriptovalyutalara, onlarla ticarət edən şirkətlərə və kriptoticarəti təmin edən platformalara qarşı tədbirlər görürük. Eyni zamanda, sanksiyaya məruz qalmış malların qanunsuz ticarətinə kömək edən üçüncü ölkələrdəki bir sıra bankları hədəf alırıq”.

İlqar Xudiyev Aİ Rusiyaya qarşı 20-ci sanksiyalar paketi Ursula von der Leyen

Xəbər Lenti