Zelenski: Rusiyanın son hücumunda 400-dən çox PUA və 40 raket tətbiq olunub

Tarix: 07 Feb 2026 13:01

Rusiyanın son hücumu zamanı 400-dən çox pilotsuz uçuş aparatı və müxtəlif tipli təxminən 40 raket tətbiq olunub.

APA Unian-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın son hücumu ilə bağlı açıqlamada deyib.

Onun sözlərinə görə, əsas hədəf Ukraynanın enerji şəbəkəsi, elektrik istehsalı və paylayıcı yarımstansiyalar olub.

Prezident qeyd edib ki, hücum nəticəsində Volın, İvano-Frankovsk, Lvov və Rivne vilayətlərində enerji infrastrukturu zədələnib. Bundan əlavə, Rivnedə çoxmərtəbəli yaşayış binasına ziyan dəyib, Vinnitsa vilayətinin Ladıjin şəhərində isə dronlar aqrar kollecin inzibati binasını vurub.

Zelenski əlavə edib ki, Kiyev və Xarkov vilayətləri də zərbələrə məruz qalıb, bəzi bölgələrdə hava hücumundan müdafiə qüvvələri fəaliyyətini davam etdirir.

“Rusiya hər gün real diplomatiyanı seçə bilər, amma yeni zərbələr endirməyə üstünlük verir. Moskvanın Ukraynaya soyuqla təzyiq göstərmək imkanları əlindən alınmalıdır”, – Zelenski vurğulayıb.

O, bunun üçün “Patriot”, NASAMS və digər sistemlər üçün əlavə raketlərin vacib olduğunu bildirib.

Zelinski həmçinin tərəfdaş ölkələrə dəstəyə görə təşəkkür edib və hər bir yardım paketinin Ukraynanın qışı daha təhlükəsiz keçirməsinə kömək etdiyini qeyd edib.

Xatırladaq ki, 19 noyabr 2025-ci ildə Rusiya İvano-Frankovsk vilayətinə də zərbə endirib, hücumun əsas hədəfi enerji infrastrukturu olub.

Rusiya Ukrayna PUA Zelenski

Xəbər Lenti