Şənbə, 7 Ferval, 2026
Tarix: 07 Feb 2026 14:55
“Əbu-Dabidə atəşkəsin monitorinqi və müharibənin yayadək bitirilməsi müzakirə olunub”.
APA UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətləri arasında keçirilən üçtərəfli görüşün nəticələri barədə jurnalistlərə açıqlamasında deyib.
Zelenski bildirib ki, hərbi nümayəndələr müharibənin dayandırılması barədə siyasi qərar qəbul ediləcəyi təqdirdə, Ukrayna və Rusiya arasında atəşkəsin necə monitorinq ediləcəyini, eləcə də ABŞ-ın bu prosesdə texniki iştirakını müzakirə ediblər.
Növbəti danışıqlar ABŞ-da davam edəcək
Zelenskinin sözlərinə görə, artıq bir həftə ərzində yeni üçtərəfli görüş keçirilə bilər:
“Amerika ilk dəfə Ukrayna və Rusiya danışıqlar qruplarının ABŞ-da, ehtimal ki, Mayamidə görüşməsini təklif edib. Biz iştirakımızı təsdiqlədik”.
Ukrayna əsirlərinin azad olunması üzrə razılaşmalar
O qeyd edib ki, ukraynalı hərbçilərin vətənə qaytarılması məsələsi üzərində iş aparılır:
“Mübadilələr davam edəcək, komandalar bunun üzərində çalışacaq”.
ABŞ enerji üzrə yeni “atəşkəs təşəbbüsü” irəli sürüb
Zelenski bildirib ki, ABŞ enerji infrastrukturu ilə bağlı gərginliyin azaldılması təşəbbüsünü yenidən gündəmə gətirib. Ukrayna bunu dəstəkləyib, Rusiya isə hələ razılıq verməyib:
“Ukrayna təsdiqlədi, Rusiya isə hələ yox”.
Donbas məsələsi açıq qalır
Zelenski vurğulayıb ki, ən çətin mövzular dəyişməz olaraq qalır. Ukrayna Donbasla bağlı mövqeyini bir daha təsdiqləyib:
“Dayandığımız yerdə dayanırıq, bu, bizim üçün ən ədalətli və etibarlı modeldir”.
ABŞ tərəfinin kompromis kimi “azad iqtisadi zona” ideyasını yenidən qaldırdığı da qeyd olunub.
Ukraynanın “qırmızı xətləri”
Zelenski bildirib ki, Ukrayna nümayəndə heyəti Rusiyanın ABŞ-la Ukrayna barədə ikitərəfli razılaşmalar imzalaya bilməyəcəyini açıqlayıb:
“Ukrayna ilə bağlı heç bir bənd Ukrayna Konstitusiyasına və qanunlarına zidd ola bilməz”.
ABŞ-ın müharibənin bitməsi ilə bağlı təklifi
Zelenski qeyd edib ki, ABŞ tərəfi müharibənin bu ilin yayına qədər başa çatdırılması təklifini irəli sürüb və tərəflərə bu qrafik üzrə təzyiq göstərə bilər:
“Amerikalılar müharibənin yayadək bitməsini təklif edirlər və görünür, bu vaxt çərçivəsinə uyğun təzyiq edəcəklər”.
Ukrayna Zelinski Rusiya ABŞ Əbu-Dabi