Britaniya Baş naziri Epşteyn qalmaqalı ilə bağlı istefa verə bilər

Tarix: 09 Feb 2026 06:30

Böyük Britaniyanın Baş naziri Kir Starmerin siyasi gələcəyi Piter Mandelsonun Vaşinqtona səfir təyin olunması ətrafında yaranan böhran fonunda sual altına düşüb.

APA xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə Starmerin müşaviri və aparat rəhbəri Morgan Maksuini bu təyinatla bağlı tövsiyəsinə görə tam məsuliyyət daşıdığını bildirərək istefa verib.

Mandelsonun Ceffri Epşteynlə əlaqələri isə qalmaqalı daha da gücləndirib.

Mənbələrin sözlərinə görə, bəzi nazirlər Starmerə gizli şəkildə istefa verməsi üçün təzyiq göstərə və ya əks halda öz istefaları ilə hədələyə bilərlər.

Hətta bəzi köməkçilər Starmerin həftənin sonuna qədər vəzifədə qalıb-qalmayacağının qeyri-müəyyən olduğunu deyib.

Starmer bir neçə gün Maksuini olmadan vəzifədə davam edib-etməyəcəyini müzakirə edib.

2024-cü il seçki qələbəsinin əsas memarlarından biri sayılan Maksuininin gedişi baş naziri zəiflədib.

Səhiyyə naziri Ues Striting və baş nazirin sabiq müavini Angela Rayner mümkün varislər kimi hallandırılır.

Parlament üzvləri Mandelsonun diplomatik təyinatı ilə bağlı yoxlama sənədlərinin açıqlanmasına nail olublar və qalmaqalın davam edəcəyi gözlənilir.

Xəbər Lenti