IMF: Orta Dəhliz Azərbaycanın iqtisadi artım potensialını gücləndirə bilər

Tarix: 09 Feb 2026 12:35

Orta Dəhliz və yaşıl enerji dəhlizlərinin inkişafı Azərbaycanın iqtisadi artım potensialını artırmaq üçün mühüm imkanlar yaradır.

Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq Beynəlxalq Valyuta Fondundan (IMF) bildirilib.

Qeyd edilib ki, əlaqəliliyin genişləndirilməsi və yeni nəqliyyat marşrutlarının formalaşması Azərbaycanın ixracın diversifikasiyası gündəliyini irəlilətməsi və özəl sektorun iqtisadiyyatda iştirakını gücləndirməsi baxımından əhəmiyyətlidir.

Fondun qiymətləndirməsinə görə, bu imkanlardan tam yararlanmaq üçün Azərbaycan zəruri islahatların həyata keçirilməsini davam etdirməlidir. IMF dövlət müəssisələrinin fəaliyyətinin və idarəetməsinin yaxşılaşdırılmasının, dövlətin iqtisadiyyatda rolunun tədricən azaldılmasının, antikorrupsiya tədbirlərinin gücləndirilməsinin və kapital bazarlarının dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

IMF-in fikrincə, Qafqaz və Mərkəzi Asiyanın Avropa, Şərqi Asiya və Yaxın Şərqi birləşdirən coğrafi mövqeyi regiona tranzit və investisiya mərkəzi kimi xüsusi potensial qazandırır. Ukraynada müharibədən sonra qlobal ticarət və enerji axınlarının dəyişməsi Orta Dəhliz kimi marşrutlara marağı artırıb.

Fond əlavə edib ki, çoxtərəfli və ikitərəfli tərəfdaşların dəstəyi ilə həyata keçirilən iri infrastruktur təşəbbüsləri logistika boşluqlarının aradan qaldırılmasına və regionun əlaqəliliyinin gücləndirilməsinə yönəlib.

IMF bu potensialın reallaşması üçün idarəetmənin möhkəmləndirilməsi, ticarət çərçivələrinin uyğunlaşdırılması, maliyyə bazarlarının inkişafı, koordinasiyalı siyasətlər və davamlı investisiyaların əsas şərt olduğunu qeyd edib.

Rahim Tarıverdiyev IMF Azərbaycan Orta Dəhliz iqtisadi artım yaşıl enerji tranzit investisiya

Xəbər Lenti