Samir Məmmədov: Rəqəmsal transformasiya sahəsində Türkiyə təcrübəsindən faydalanmağa maraqlıyıq

Tarix: 11 Feb 2026 11:18

Azərbaycan Türkiyənin rəqəmsal transformasiya sahəsində topladığı zəngin təcrübədən faydalanmaqda maraqlıdır.

"APA-Economics" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov "Azərbaycan – Türkiyə biznes forumu: Rəqəmsal transformasiya və texnologiya körpüsü” forumunda deyib.

“Türkiyə bu sahədə uzun yol keçib və formalaşdırdığı güclü texnoloji ekosistem həm Azərbaycan, həm də ümumilikdə region üçün mühüm modeldir”, - deyə o əlavə edib.

Nazir müavini bildirib ki, Azərbaycan eyni zamanda öz potensialını Türkiyə ilə birlikdə gücləndirməyə hazırdır: “Ölkəmizdə fəaliyyət göstərən texnoparklar türk İKT şirkətləri ilə əməkdaşlıq etməyə, şirkətlərin bu texnoparklardafəaliyyətinin genişləndirilməsi üçün şərait yaratmağa hazırdır. Bununla yanaşı, Azərbaycanın İKT bazarı Türkiyə şirkətləri üçün həm dövlət layihələri, həm rəqəmsal xidmətlər, həm də innovasiya və startap əməkdaşlıqları baxımından əlverişlidir. Dövlət və özəl sektor arasında qurulacaq konkret tərəfdaşlıqlar iki ölkə arasında rəqəmsallaşma sahəsində əməkdaşlığın yeni mərhələyə keçməsinə imkan yaradacaq”. S.Məmmədov deyib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi texnopark fəaliyyətinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlər aparır: “Texnopark rezidentliyi çərçivəsində tətbiq olunan mənfəət vergisi, dividend gəlirləri, əmlak və torpaq vergiləri üzrə güzəştlər, eləcə də gəlir vergisi və sosial sığorta mexanizmlərinin sadələşdirilməsi rezident şirkətlərin maliyyə dayanıqlığını gücləndirir və daha sürətli inkişafına əlverişli şərait yaradır”.

Nazir müavini Türkiyə şirkətlərini ölkəmizdə fəaliyyətlərini genişləndirməyə və texnoparkın yaratdığı imkanlardan daha yaxından tanış olmağa çağırıb.

Əşrəf Mehdiyev Samir Məmmədov. RİNN

Xəbər Lenti