Çərşənbə axşamı, 17 Ferval, 2026
Tarix: 17 Feb 2026 13:01
Postmünaqişə mərhələsində dövlətlərin üzləşdiyi əsas məsələlərdən biri müharibə dövründə və ondan əvvəl törədilmiş ağır cinayətlərin hansı hüquqi çərçivədə qiymətləndiriləcəyidir. Silahlı toqquşmalar başa çata, ərazi üzərində nəzarət bərpa oluna bilər, lakin zorakılıq nəticəsində yaranmış hüquqi məsuliyyət aradan qalxmır. Bu baxımdan Ruben Vardanyan işi Azərbaycan üçün sadəcə bir məhkəmə prosesi deyil, uzun illər mövcud olmuş separatçı sistemin daxili mexanizmlərinin hüquqi müstəvidə ifşa edilməsi və sökülməsi deməkdir. Burada əsas diqqət bir şəxsin fərdi bioqrafiyasına deyil, onun yaratdığı və ya dəstəklədiyi cinayət infrastrukturlarına yönəlib.
Separatçı rejimlərin davamlılığı, adətən, ideoloji çağırışlardan deyil, onların maliyyə və təşkilati dayaqlarından asılı olur. Qarabağ bölgəsində uzun müddət fəaliyyət göstərmiş qanunsuz silahlı strukturlar da bu baxımdan istisna təşkil etməyib. Məhkəmə materialları göstərib ki, Ruben Vardanyan həmin strukturların maliyyə təminatında, təşkilati koordinasiyasında və legitimlik görüntüsünün formalaşdırılmasında əsas fiqurlardan biri kimi çıxış edib. Bu fəaliyyətlər hüquqi baxımdan siyasi mövqe kimi deyil, ağır cinayət tərkibləri yaradan konkret əməllər kimi qiymətləndirilib.
Ruben Vardanyanın azərbaycanlılara qarşı törətdiyi cinayətlər
Ruben Vardanyanın azərbaycanlılara qarşı törətdiyi cinayətlər konkret faktlar və istintaq materialları ilə təsdiqlənən fəaliyyətlər silsiləsi kimi qiymətləndirilir. Ruben Vardanyan 2022–2023-cü illərdə Qarabağ bölgəsində qanunsuz separatçı rejimdə yüksək vəzifə tutaraq Azərbaycan ərazilərində konstitusiya quruluşunun zorla pozulmasına yönəlmiş proseslərdə bilavasitə iştirak edib.
İstintaq məlumatlarına əsasən, Vardanyan separatçı silahlı birləşmələrin maliyyələşdirilməsində və təminatında əsas fiqurlardan biri olub. Onun nəzarətində olan maliyyə resursları hesabına qanunsuz silahlı dəstələr silah, rabitə vasitələri və logistik dəstək əldə edib. Bu dəstələr Azərbaycan Ordusunun mövqelərinə qarşı təxribatlar törədib, eyni zamanda mülki azərbaycanlı əhalinin təhlükəsizliyini məqsədli şəkildə təhdid edib.
Faktlar göstərir ki, Vardanyanın təşviqi ilə yaşayış məntəqələri hərbiləşdirilib, mülki obyektlər silah anbarı və döyüş mövqeləri kimi istifadə olunub. Bu isə beynəlxalq humanitar hüququn açıq şəkildə pozulmasıdır. Həmçinin mina terrorunun davam etdirilməsi, yeni ərazilərin məqsədli şəkildə minalanması nəticəsində azərbaycanlı mülki şəxslər həlak olub və ya ağır bədən xəsarətləri alıb.
Digər mühüm fakt Vardanyanın Azərbaycan ərazilərində qanunsuz iqtisadi fəaliyyətləri təşkil etməsidir. Təbii sərvətlərin qeyri-qanuni istismarı, xüsusilə faydalı qazıntı yataqlarının qanunsuz şəkildə istismarı həm dövlətə ciddi iqtisadi zərər vurub, həm də bölgədə ekoloji fəlakət riskini artırıb.
Bununla yanaşı, Vardanyan informasiya manipulyasiyası və siyasi təbliğat vasitəsilə azərbaycanlıların Qarabağa qayıdış prosesini əngəlləməyə çalışıb, bölgədə etnik qarşıdurmanı qızışdıran çağırışlarla çıxış edib.
Nəticə etibarilə, Ruben Vardanyanın fəaliyyəti təkcə siyasi məsələ deyil, konkret cinayət əməlləri toplusudur. Bu faktların hüquqi müstəvidə obyektiv araşdırılması və beynəlxalq hüquq çərçivəsində qiymətləndirilməsi ədalətin təmin olunması baxımından zəruridir.
Cinayətkarın ittiham edildiyi maddələr
İstintaq zamanı müəyyən edilib ki, Ruben Vardanyan tərəfindən yönləndirilən maliyyə resursları Qarabağ bölgəsində fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin saxlanılmasına, silah-sursatla təmin olunmasına və onların döyüş qabiliyyətinin qorunmasına xidmət edib. Bu fəaliyyət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 279-cu maddəsi üzrə cinayət tərkibi yaradıb. Sözügedən maddə qanunsuz silahlı birləşmələrin yaradılması və onlara rəhbərlik etməni ağır cinayət kimi təsbit edir. Məhkəmə müəyyən edib ki, bu silahlı dəstələr mülki əhaliyə qarşı hücumlarda, yaşayış məntəqələrinin atəşə tutulmasında və terror xarakterli aktlarda birbaşa iştirak ediblər.
Vardanyanın maliyyə fəaliyyəti yalnız silahlı qrupların saxlanılması ilə məhdudlaşmayıb. İstintaq materiallarında göstərilib ki, bu vəsaitlər terror xarakterli fəaliyyətlərin davamlılığını təmin edən logistik mexanizmlərə də yönəldilib. Bu hallar Cinayət Məcəlləsinin 214-cü maddəsi üzrə terrorçuluq, eləcə də 214-1-ci maddəsi üzrə terrorçuluğun maliyyələşdirilməsi tərkibini yaradıb. Məhkəmə xüsusi vurğulayıb ki, terror aktlarının həyata keçirilməsi üçün maddi təminatın yaradılması zorakılığın nəticələrinə görə birbaşa məsuliyyət doğurur və maliyyəçi ilə icraçı arasında hüquqi fərq yaratmır.
İttiham aktında mühüm yer tutan məsələlərdən biri də mülki əhaliyə qarşı törədilmiş sistemli zorakılıqlarla bağlı olub. Qarabağ bölgəsində uzun illər davam edən işğal dövründə azərbaycanlı mülki şəxslərin qətlə yetirilməsi, yaşayış yerlərinin dağıdılması və insanların kütləvi şəkildə öz doğma torpaqlarından didərgin salınması istintaq tərəfindən məqsədli siyasətin nəticəsi kimi qiymətləndirilib. Bu əməllər Cinayət Məcəlləsinin 100.2-ci maddəsi üzrə insanlığa qarşı cinayətlər, 107-ci maddəsi üzrə isə əhalinin deportasiyası və ya məcburi köçürülməsi kimi hüquqi qiymət alıb. Məhkəmə bu cinayətlərin təsadüfi deyil, planlı və sistemli şəkildə həyata keçirildiyini xüsusi olaraq qeyd edib.
Bundan əlavə, məhkəmə araşdırmaları zamanı azərbaycanlı mülki şəxslərə və əsir düşmüş şəxslərə qarşı qeyri-insani rəftar faktları da sübuta yetirilib. Fiziki və psixoloji zorakılıq, alçaldıcı rəftar və qeyri-qanuni saxlanma hallarının mövcudluğu Cinayət Məcəlləsinin 113-cü maddəsi üzrə işgəncə cinayətinin tərkibini yaradıb. Bu əməllər beynəlxalq humanitar hüququn əsas prinsiplərinin kobud şəkildə pozulması kimi qiymətləndirilib və Vardanyanın maliyyə və təşkilati rolu bu cinayətlərin davamlılığında əsas faktor kimi göstərilib.
Məhkəmənin diqqət yetirdiyi digər mühüm məsələ Vardanyanın muzdlu fəaliyyəti və xarici silahlı elementlərin cəlb edilməsində oynadığı rol olub. İstintaq materiallarında göstərilib ki, münaqişə zonasına kənar silahlı şəxslərin cəlb olunması və onların maddi təminatı Cinayət Məcəlləsinin 114-cü maddəsi üzrə muzdlu fəaliyyəti kimi qiymətləndirilib. Bu isə münaqişənin miqyasını genişləndirən və zorakılığın intensivliyini artıran amil kimi dəyərləndirilib.
Ruben Vardanyanın fəaliyyəti yalnız silahlı və terror xarakterli cinayətlərlə məhdudlaşmayıb. Onun özünü qondarma “dövlət naziri” kimi təqdim etməsi və separatçı rejimdə idarəetmə funksiyası iddiası Cinayət Məcəlləsinin 278-ci maddəsi üzrə dövlət hakimiyyətinin zorla ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsi cəhdinə hüquqi əsas yaradıb. Məhkəmə bu davranışı siyasi simvolizm kimi deyil, real təhlükə mənbəyi kimi qiymətləndirib. Çünki məqsəd Azərbaycan Respublikasının suverenliyi üzərində alternativ idarəetmə mexanizmi formalaşdırmaq olub.
İttiham aktında yer alan digər maddə Cinayət Məcəlləsinin 218-ci maddəsidir. Bu maddə cinayətkar birlik yaratma və ona rəhbərlik etməni nəzərdə tutur. Məhkəmə müəyyən edib ki, Vardanyanın fəaliyyəti ayrı-ayrı cinayət epizodlarının cəmi deyil, vahid mərkəzdən idarə olunan cinayətkar sistemin tərkib hissəsi olub. Maliyyə axınları, silahlı dəstələr, ideoloji legitimləşdirmə və beynəlxalq informasiya manipulyasiyası bu sistemin əsas komponentləri kimi qiymətləndirilib.
Ən ağır ittihamlardan biri Cinayət Məcəlləsinin 100-cü maddəsi üzrə təcavüzkar müharibənin planlaşdırılması və aparılması ilə bağlı olub. Məhkəmə vurğulayıb ki, Vardanyanın fəaliyyəti münaqişənin davam etdirilməsinə, zorakılığın yenidən alovlanmasına və sülh perspektivlərinin sıradan çıxarılmasına xidmət edib. Bu isə onu yalnız maliyyəçi deyil, münaqişənin davamlılığında maraqlı olan siyasi aktor statusuna gətirib çıxarıb.
Vardanyanın məhkəmə önünə çıxarılması
Məhkəmə prosesi zamanı Cinayət Məcəlləsinin 115-ci və 116-cı maddələri üzrə müharibə qanunlarını və adətlərini pozma faktları da sübuta yetirilib. Mülki obyektlərin hədəfə alınması, humanitar infrastrukturun dağıdılması və müharibə zamanı qorunmalı olan şəxslərə qarşı zorakılıq bu maddələr çərçivəsində hüquqi qiymət alıb. Məhkəmə bu əməllərin hərbi zərurətlə əsaslandırıla bilməyəcəyini xüsusi vurğulayıb.
Bütün bu ittihamlar Ruben Vardanyanın fəaliyyətinin siyasi bəyanatlar və ya ideoloji mövqe ilə məhdudlaşmadığını, ağır cinayət tərkibləri yaratdığını hüquqi baxımdan təsdiqləyib.
Ruben Vardanyanın cinayət işi Bakı Hərbi Məhkəməsinin icraatına rəsmi şəkildə qəbul edilib. Təqsirləndirilən şəxsin hüquqları izah edilib, müdafiə mexanizmləri təmin olunub və prosesin açıq aparılacağı elan edilib. Bu mərhələ məhkəmə prosesinin hüquqi əsasını formalaşdırıb. Daha sonra İttiham aktı elan edilib. Bu iclas Ruben Vardanyana qarşı irəli sürülmüş bütün ağır ittihamların ilk dəfə tam həcmdə məhkəmə qarşısında açıqlanması baxımından xüsusi əhəmiyyət daşıyıb. Terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, insanlığa qarşı cinayətlər, qanunsuz silahlı birləşmələrin yaradılması, müharibə qanunlarının pozulması və konstitusiya quruluşuna qarşı fəaliyyət bu mərhələdə hüquqi predmetə çevrilib.
Sübutların tədqiqinə başlanılan məhkəmə iclasında maliyyə axınları, bank sənədləri, əlaqə şəbəkələri və digər sübutlar araşdırılmağa başlanıb. Məhkəmə Ruben Vardanyanın cinayətlərin davamlılığını təmin edən maliyyə və təşkilati roluna xüsusi diqqət yetirib.
Zərərçəkmiş şəxslərin ifadələrinin dinlənilib, iclasda azərbaycanlı mülki şəxslər və onların hüquqi varisləri məhkəmə qarşısında ifadə veriblər. Mülki əhaliyə qarşı törədilmiş zorakılıqlar, məcburi köçürülmə və humanitar fəlakətin nəticələri hüquqi müstəvidə təsbit edilib.
Qondarma “dövlət naziri” statusuna hüquqi qiymət verilən məhkəmə iclası xüsusi əhəmiyyət daşıyıb, çünki Ruben Vardanyanın separatçı rejimdə tutduğu vəzifənin mahiyyəti ayrıca araşdırılıb və bu fəaliyyət Azərbaycan Respublikasının suverenliyinə və konstitusiya quruluşuna qarşı yönəlmiş siyasi iddia kimi qiymətləndirilib.
Dövlət ittihamçısının yekun çıxışı ilə müşayiət olunan əsas məhkəmə iclası bütün sübutlar ümumiləşdirilib, Ruben Vardanyanın fəaliyyətinin məqsədli və sistemli cinayət xarakteri daşıdığı əsaslandırılıb və ona ağır cəza tələb edib.
Vardanyan məhkəmədə son sözlə çıxış edib. Bu iclas məhkəmə istintaqının faktiki olaraq yekun mərhələsi olub və bundan sonra məhkəmə müşavirəyə gedib.
Cinayətlərin hüquqi müstəvidə qiymətləndirilməsi
Ruben Vardanyan barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi bu gün, 17 fevral 2026-ci il tarixində yekun mərhələyə çatdırılıb və Bakı Hərbi Məhkəməsində açıq iclasda hökm elan olunub. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı maddələri, eləcə də digər ağır cinayətlər üzrə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan məhkəmənin qərarı ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.
Hökm hakim Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanov və Anar Rzayevdən ibarət tərkibdə, ehtiyat hakim Günel Səmədovanın iştirakı ilə elan olunub. Proses zamanı təqsirləndirilən şəxs öz bildiyi dildə, yəni rus dilində tərcüməçi vasitəsilə, habelə dövlət hesabına təyin olunmuş müdafiəçi ilə təmin edilib. Məhkəmə iclasında təqsirləndirilən şəxs, onun müdafiəçisi, zərərçəkmiş şəxslərin və onların hüquqi varislərinin bir qismi və nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, eləcə də Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri iştirak edib.
Məhkəmə müzakirələri zamanı dövlət ittihamını müdafiə edən prokuror Ruben Vardanyanın ömürlük azadlıqdan məhrum edilməsini təklif etsə də, məhkəmə iş üzrə toplanmış sübutları və törədilmiş cinayətlərin xarakterini nəzərə alaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
Bu qərar məhkəmə prosesinin hüquqi yekunu olmaqla yanaşı, postmünaqişə mərhələsində ağır cinayətlərə verilən hüquqi qiymətin yekun ifadəsidir.
Faiq Mahmudov Ruben Vardanyan Postmünaqişə dövrü hüquqi məsuliyyət separatçı rejim maliyyələşdirmə terrorçuluq insanlığa qarşı cinayətlər müharibə cinayətləri konstitusiya quruluşu məhkəmə prosesi hökm