Cümə, 11 Sentyabr, 2026
Tarix: 11 Sep 2026 14:02
Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında yaradılması nəzərdə tutulan elektrik interkonneksiyası Azərbaycanın elektrik enerjisinin Avropa istiqamətinə ötürülməsinə imkan verəcək.
“APA-Economics” xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Nazir layihəni “TANAP-ın elektrik versiyası” adlandırıb.
“Bu, dörd ölkə arasında inkişaf etdirdiyimiz interkonneksiya layihəsidir. Layihə əsasən Azərbaycanda istehsal olunan elektrik enerjisinin Gürcüstana, oradan Türkiyəyə, daha sonra isə Bolqarıstana çatdırılmasını nəzərdə tutur”, – Bayraktar deyib.
Onun sözlərinə görə, mühüm “yaşıl enerji” layihəsi olan bu təşəbbüsün hazırlanmasına 2024-cü ildə Bakıda keçirilən COP29 zamanı başlanılıb.
Bayraktar bildirib ki, layihənin ilkin mərhələsində artıq mövcud olan elektrik infrastrukturlarından istifadə edilməsi planlaşdırılır.
Nazir qeyd edib ki, hazırda Türkiyə ilə Gürcüstan arasında 700 MVt gücündə interkonneksiya imkanları mövcuddur və fəaliyyətdədir. Eyni zamanda Türkiyə ilə Bolqarıstan arasında da elektrik bağlantısı mövcuddur.
“Hazırda Naxçıvan-Türkiyə interkonneksiyası üzərində işləyirik. Azərbaycanla Gürcüstan arasında da interkonneksiya imkanları mövcuddur. Məqsəd layihəni mərhələli şəkildə inkişaf etdirmək, mövcud infrastrukturlardan istifadə etmək və sonradan ötürmə güclərini artırmaqdır”, – Bayraktar əlavə edib.
Nazir layihənin Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “yaşıl enerji” sahəsində əldə edilmiş razılaşmalarla birləşdirilməsinin daha geniş regional bağlantı yaradacağını vurğulayıb.
“Bunu Qazaxıstan və Özbəkistanla imzalanmış sazişlə birləşdirsək, düşünürəm ki, bütün Türk dünyasını bir-birinə bağlayacaq”, – Bayraktar əlavə edib.
Rahim TarıverdiyevMənbə: apa.az