Pərviz Şahbazov: Azərbaycan və Türkiyə enerji əməkdaşlığını elektrikləşmə mərhələsinə daşıyır

Pərviz Şahbazov: Azərbaycan və Türkiyə enerji əməkdaşlığını elektrikləşmə mərhələsinə daşıyır

Tarix: 11 Sep 2026 13:51

Azərbaycan və Türkiyə neft-qaz sahəsində formalaşmış uğurlu əməkdaşlığı elektrik enerjisi və interkonneksiya layihələri ilə yeni mərhələyə keçirməyi planlaşdırır.

“APA-Economics” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Azərbaycan-Türkiyə 5-ci Enerji Forumunun yekunlarına dair çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, rəqəmsallaşma və süni intellektin inkişafı gələcəkdə böyük həcmdə elektrik enerjisinə tələbat yaradacaq. Bu baxımdan tərəflər yalnız elektrik enerjisinin istehsalını deyil, ölkələr arasında yeni elektrik bağlantılarının yaradılmasını da müzakirə edirlər.

Pərviz Şahbazov bu sırada Naxçıvan-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan, eləcə də Qara dəniz üzərindən elektrik bağlantısı layihələrini qeyd edib.

Nazir vurğulayıb ki, bu layihələr bərpa olunan enerji də daxil olmaqla elektrik enerjisinin uzaq məsafələrə və maraq kəsb edən bazarlara çatdırılmasına imkan verəcək.

Pərviz Şahbazov onu da əlavə edib ki, Azərbaycan paralel olaraq Qazaxıstan və Özbəkistanla Mərkəzi Asiya istiqamətində də müvafiq layihələr üzərində işləyir və bütün bu proseslər Azərbaycan-Türkiyə Enerji Forumu çərçivəsində vahid yanaşma əsasında müzakirə edilir.

Emil İsmayılov

Mənbə: apa.az

Xəbər Lenti