Bazar ertəsi, 14 Sentyabr, 2026
Tarix: 14 Sep 2026 02:14
Suriyanın müxtəlif bölgələrində hökumətin yanacaq qiymətlərini artırmasına etiraz olaraq aksiyalar keçirilib.
APA xəbər verir ki, Hələb, Deyr əz-Zor, Həsəke və İdlib şəhərlərində keçirilən aksiyalarda etirazçılar qiymət artımlarının geri götürülməsini tələb ediblər.
Suriyanın Energetika Nazirliyinin qərarından sonra benzinin qiyməti 28 faiz, dizelin qiyməti 40 faiz, məişət qaz balonlarının qiyməti isə 8,8 faiz artırılıb. Yeni tariflərlə dizelin bir litrinin qiyməti 125-dən 175 Suriya lirəsinə, benzinin qiyməti 152-dən 195 lirəyə, məişət qaz balonunun qiyməti isə 147-dən 160 lirəyə yüksəlib.
Etirazçılar bəzi yolları nəqliyyatın hərəkəti üçün bağlayıb və təkərlər yandırıblar. Onlar hökuməti qiymət artımı ilə bağlı qərarı yenidən nəzərdən keçirməyə çağırıblar.
Suriya hökuməti isə bahalaşmanı qlobal enerji bazarındakı dəyişikliklər, neft emalı güclərinə təzyiq və ölkənin enerji məhsullarının idxalından yüksək dərəcədə asılı olması ilə əsaslandırıb.
Bildirilib ki, idxal olunan neft məhsulları və təbii qazın tədarükü ölkəyə gündəlik təxminən 25,2 milyon dollara başa gəlir.
Nazirlik yeni qiymətlərin daimi olmadığını və beynəlxalq enerji xərcləri azaldığı təqdirdə yanacaq qiymətlərinin yenidən aşağı salınacağını açıqlayıb.
Suriya yanacaq aksiya
Mənbə: apa.az