Bazar ertəsi, 28 Sentyabr, 2026
Tarix: 28 Sep 2026 13:14
Unibank və Niderlandın sahibkarlığın inkişafı bankı FMO əməkdaşlıqlarında yeni mərhələnin başladığını və ümumi məbləği 50 milyon ABŞ dolları, müddəti isə 4 il olan strateji müddətli maliyyələşdirmə sazişinin imzalandığını elan ediblər.
Cəlb olunan maliyyələşdirmənin əsas məqsədi mikromüəssisələrin, eləcə də kiçik və orta sahibkarlıq subyektlərinin kreditləşdirilməsinin genişləndirilməsi və dəstəklənməsidir. Maliyyələşdirmə çərçivəsində xüsusilə gənc sahibkarlar və qadın sahibkarlara, qadınların rəhbərlik etdiyi bizneslərə, həmçinin kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən KOB-lara xüsusi diqqət yetiriləcək.
Əməkdaşlığın bərpası iqtisadi artımın stimullaşdırılmasına, dayanıqlı kənd təsərrüfatının inkişafına, eləcə də biznesin əsas seqmentləri, qadınların rəhbərlik etdiyi müəssisələr və gənc sahibkarlar üçün maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə xidmət edir.
Əməkdaşlığın yenilənməsini və imzalanmış sazişi şərh edən “Unibank”ın İdarə Heyətinin sədri Valentin Morozov bildirib:
“Uzunmüddətli və etibarlı tərəfdaşımız FMO ilə əməkdaşlığımızı bərpa etməkdən məmnunuq. 50 milyon ABŞ dolları məbləğində dördillik sazişin imzalanması bankımızın inkişafında mühüm mərhələdir. Cəlb olunan vəsait ölkə iqtisadiyyatında mühüm rol oynayan mikro-biznes və kənd təsərrüfatı sektorlarına dəstəyimizin miqyasını əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verəcək. Əminik ki, tərəfdaşlığımız sahibkarlar üçün yeni imkanlar yaradacaq və ölkədə özəl biznesin dayanıqlı iqtisadi inkişafına töhfə verəcək.”
FMO-nun İnvestisiyalar üzrə həmsədri Juan-Jose Dada bildirib:
“Unibank ilə tərəfdaşlığımızın yenilənməsi Azərbaycanda sahibkarların və bizneslərin maliyyələşməyə çıxış imkanlarının genişləndirilməsinə kömək edəcək. Buraya xüsusilə mikromüəssisələr, KOB-lar, qadınların rəhbərlik etdiyi bizneslər, gənc sahibkarlar və kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən şirkətlər daxildir. 50 milyon ABŞ dolları məbləğində bu maliyyələşdirmə vasitəsilə daha inklüziv və dayanıqlı özəl sektorun inkişafını dəstəkləməyi və Azərbaycanın uzunmüddətli iqtisadi inkişafına töhfə verməyi hədəfləyirik.”
Unibank haqqında
Unibank Azərbaycanın aparıcı özəl banklarından olmaqla, ölkənin sistem əhəmiyyətli maliyyə institutlarından biridir. 1992-ci ildə fəaliyyətə başlayan bank pərakəndə, korporativ və investisiya bankçılığı sahələrində geniş xidmətlər təqdim edir. Unibank Azərbaycanda rəqəmsal innovasiyaların öncüllərindən biri olub və 2021-ci ildə ölkənin ilk tam mobil bank əlavəsi olan Leobank-ı istifadəyə verib. Bank haqqında daha ətraflı: https://unibank.az/az
FMO haqqında
FMO Niderlandın sahibkarlığın inkişafı bankıdır. Aparıcı təsir investoru kimi FMO inkişaf etməkdə olan ölkələrdə və inkişaf edən bazarlarda iddialı layihələrə və sahibkarlara sərmayə yatıraraq özəl sektorun dayanıqlı inkişafını dəstəkləyir. FMO güclü özəl sektorun iqtisadi və sosial inkişafa töhfə verdiyinə inanır və 55 ildən artıqdır ki, sahibkarları dəstəkləməklə yerli iqtisadiyyatların daha inklüziv, məhsuldar, dayanıqlı və davamlı olmasına töhfə verir.
FMO inkişaf baxımından yüksək təsir potensialına malik üç əsas sektora fokuslanır: aqrobiznes, qida və meşə təsərrüfatı; enerji; maliyyə institutları. 85-dən çox ölkəni əhatə edən və ümumi həcmi təxminən 16 milyard avro olan öhdəliklər portfeli ilə FMO qlobal miqyasda özəl sektorun inkişafını maliyyələşdirən ən iri ikitərəfli inkişaf banklarından biridir.
Ətraflı məlumat: www.fmo.nl
APA-Economics UnibankMənbə: apa.az