Cümə, 20 Noyabr, 2026
Tarix: 20 Nov 2026 01:33
İsrail Hərbi Hava Qüvvələri Livanın şərqində “Hizbullah” təşkilatına məxsus olduğu bildirilən obyektə hava zərbəsi endirib.
APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (IDF) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hücum Livanın Bəqa vadisində, Cənta yaşayış məntəqəsi yaxınlığında yerləşən obyektə qarşı həyata keçirilib.
İsrail ordusunun iddiasına görə, sözügedən obyekt əvvəllər “Hizbullah” tərəfindən raket istehsalı və silahların saxlanılması üçün istifadə olunub.
IDF qeyd edib ki, hazırkı münaqişə dövründə həmin obyektə bir neçə dəfə zərbə endirilib.
“Əraziyə bu yaxınlarda ‘Hizbullah’ üzvlərinin gəldiyinə dair məlumat əldə edildikdən sonra obyektin bərpasının qarşısını almaq məqsədilə onun girişlərinə zərbələr endirilib”, – deyə açıqlamada bildirilib.
Hücum nəticəsində ölən və yaralananlar barədə məlumat verilməyib. İsrail ordusunun açıqlaması müstəqil şəkildə təsdiqlənməyib.
İsrail Livan Hizbullah IDF Bəqa vadisi Cənta hava zərbəsi raket istehsalı Yaxın Şərq
Mənbə: apa.az