Cümə axşamı, 5 Ferval, 2026
Tarix: 05 Feb 2026 13:13
Azərbaycanda süni intellekt (Sİ) sahəsində tədqiqatların aparılması, Sİ əsaslı layihələrin hazırlanması və bu sahədə biliklərin tədrisi məqsədilə ötən ilin iyul ayında Milli Süni İntellekt Mərkəzi yaradılıb.
“APA-Economics” AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzinin baş direktoru Tuncay Bağırovla müsahibəni təqdim edir:
- Milli Süni İntellekt Mərkəzi Azərbaycanda Sİ ekosistemində hansı rolu oynayır? Mərkəz əsasən koordinasiyaedici strateji beyin mərkəzi kimi fəaliyyət göstərir, yoxsa konkret süni intellekt məhsulu və həllərin hazırlanmasına da cavabdehdir?
– Milli Süni İntellekt Mərkəzi ölkəmizdə süni intellekt sahəsində tədqiqat və inkişafı təşviq edir. Mərkəz süni intellekt texnologiyalarının tətbiqi ilə rəqəmsal transformasiyanı sürətləndirməyi hədəfləyir.
Eyni zamanda dövlət və sənaye üçün prioritet sahələr üzrə pilot layihələrin icrası, tətbiqyönümlü həllərin sınaqdan keçirilməsi və onların mümkün genişmiqyaslı tətbiqi üçün hazırlıq proseslərinin dəstəklənməsi Mərkəzin əsas fəaliyyət istiqamətlərindəndir. “AI Academy” vasitəsilə yüksəkixtisaslı insan kapitalının formalaşdırılması isə bu fəaliyyətləri tamamlayan əsas funksional istiqamət kimi çıxış edir.
- Prezident tərəfindən təsdiqlənmiş 2025 – 2028-ci illər üçün süni intellekt Strategiyası çərçivəsində Milli Süni İntellekt Mərkəzinin üzərinə hansı əsas öhdəliklər düşür və Mərkəz bu hədəflərin reallaşmasına necə töhfə verir?
– Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş 2025 – 2028-ci illər üçün süni intellekt Strategiyası süni intellektin ölkə üzrə sistemli və davamlı inkişafı üçün əsas yol xəritəsini müəyyən edir. Milli Süni İntellekt Mərkəzi bu Strategiyada nəzərdə tutulan təşəbbüslərin əlaqələndirilmiş və ardıcıl icrasını təmin edən əsas institusional mərkəz kimi çıxış edir.
Mərkəzin öhdəliklərinə insan kapitalının inkişafı, tətbiqyönümlü biliklərin formalaşdırılması, institusional bacarıqların gücləndirilməsi, eləcə də süni intellektin etik və məsuliyyətli tətbiqi üzrə praktiki mexanizmlərin qurulması daxildir. Bu yanaşma strategiyanın yalnız konseptual sənəd kimi deyil, real nəticələr verən icra mexanizmi kimi fəaliyyət göstərməsinə imkan yaradır.
- 2029-cu ilə qədər generativ süni intellektdən istifadə hesabına 70 milyon manatlıq iqtisadi təsir hədəfi Milli Süni İntellekt Mərkəzi üçün Əsas Fəaliyyət Göstəricisi kimi qəbul edilə bilərmi?
– Generativ süni intellektin birbaşa iqtisadi təsirinin dəqiq ölçülməsi hazırda qlobal miqyasda belə metodoloji baxımdan mürəkkəb məsələdir. Çünki generativ Sİ texnologiyalarının əhəmiyyətli hissəsi fərdi məhsuldarlığın artırılması, daxili proseslərin optimallaşdırılması və qeyri-formal istifadə ssenariləri üzərindən təsir göstərir.
Bu baxımdan Milli Süni İntellekt Mərkəzi üçün əsas fəaliyyət göstəriciləri generativ Sİ-dən istifadənin həcmi deyil, süni intellekt tətbiqlərinin sayı, uğurlu pilot layihələrin həyata keçirilməsi, insan kapitalının hazırlanması və dövlət qurumlarında səmərəliliyin artırılmasıdır. İqtisadi təsir isə bu tədbirlərin orta və uzunmüddətli nəticəsi kimi formalaşır.
- Milli Süni İntellekt Mərkəzi dövlət məlumatlarını birləşdirən analitik “beyin” rolunu oynayacaqmı?
- Milli Süni İntellekt Mərkəzi dövlət məlumatlarının birbaşa idarə edilməsi funksiyasını daşımır. Bununla yanaşı, süni intellekt həllərinin effektiv tətbiqini təmin etmək məqsədilə məlumat əsaslı yanaşmaların və analitik çərçivələrin formalaşdırılmasına metodoloji və tətbiqyönümlü dəstək göstərir.
Mərkəzin fəaliyyəti dövlət qurumlarında məlumatların süni intellekt üçün yararlı formada strukturlaşdırılması, analitik idarəetmə mədəniyyətinin təşviqi və süni intellektə əsaslanan qərarvermə modellərinin pilot tətbiqləri vasitəsilə institusional bacarıqların gücləndirilməsinə yönəlib.
- Azərbaycan dili üzrə generativ Sİ modeli necə nəzərdə tutulur və “suveren süni intellekt” anlayışı nəyi ifadə edir?
- Azərbaycan dili üzrə süni intellekt həllərinin inkişaf etdirilməsi mövcud qlobal texnoloji imkanların lokal ehtiyaclara uyğunlaşdırılmasını, Azərbaycan dili və kontekstinə uyğunlaşdırılmış, praktik istifadədə daha səmərəli nəticələr verən tətbiqi modellərin formalaşdırılmasını nəzərdə tutur. Bu yanaşma qlobal texnologiyaların milli mühitə inteqrasiyasını təmin etməklə, onların real istifadə dəyərini artırmağa xidmət edir.
“Suveren süni intellekt” anlayışı isə yalnız texnoloji həllərlə məhdudlaşmır. Bu yanaşma məlumat təhlükəsizliyi, milli infrastruktur üzərində nəzarət, dövlət məlumatlarının ölkə daxilində qorunması və süni intellekt texnologiyalarının tənzimlənən, təhlükəsiz mühitdə tətbiqini əhatə edir. Açıq qaynaqlı süni intellekt modellərinin qlobal miqyasda yayılması suveren süni intellekt konseptinin müəyyən elementlərini təmin etsə də, dayanıqlı suverenlik yalnız modellər üzərində qurula bilməz. Bunun üçün yüksək hesablama gücünə əsaslanan infrastrukturun (HPC) mövcudluğu, eləcə də davamlı və sistemli süni intellekt kadr hazırlığı zəncirinin formalaşdırılması zəruridir.
Milli Süni İntellekt Mərkəzi hazırda bu üç istiqamətin - tətbiqi modellər, infrastruktur və insan kapitalı - hər biri üzrə koordinasiyalı və sistemli dəstək göstərərək milli maraqlara əsaslanan suveren süni intellekt yanaşmasının formalaşmasına töhfə verir.
- Milli Süni İntellekt Mərkəzi və “AI Academy” kadr çatışmazlığı problemini necə həll edir?
– 2025 – 2028-ci illər üçün Süni İntellekt Strategiyasında insan kapitalının inkişafı əsas prioritetlərdən biri kimi müəyyən edilib. Bu çərçivədə yaradılmış “AI Academy” süni intellekt sahəsində kadr çatışmazlığının aradan qaldırılması üçün sistematik və uzunmüddətli mexanizm kimi fəaliyyət göstərir.
Hazırda “AI Academy”də yüksəkrəqabətli seçim prosesi nəticəsində seçilmiş 100 tələbə təhsil alır və gələcək mərhələlərdə 500-ə yaxın yüksəkixtisaslı Sİ mütəxəssisinin hazırlanması nəzərdə tutulur. Tədris prosesində həm yerli, həm də xarici mütəxəssislər iştirak edirlər. Bu yanaşma yerli kadrların yetişdirilməsini əsas götürməklə yanaşı, beynəlxalq bilik və təcrübənin ölkəyə transferini də təmin edir.
- Milli Süni İntellekt Mərkəzinin yaxın illərdə real iqtisadi təsir göstərəcəyi sahələr hansılardır?
– Milli Süni İntellekt Mərkəzi üçün əsas yanaşma konkret sektor siyahısından daha çox, prioritet ehtiyaclara əsaslanan tətbiqlərin formalaşdırılmasıdır. İlk mərhələdə dövlət xidmətlərində səmərəliliyin artırılması, kiçik və orta bizneslər (KOB) üçün məhsuldarlığı yüksəldən Sİ alətləri və pilot texnoloji həllər prioritet hesab olunur. “Made in Azerbaijan AI” məhsullarının regional ixracı isə mərhələli yanaşma əsasında, ilkin olaraq pilot tətbiqlər və regional əməkdaşlıqlar üzərindən inkişaf etdirilə biləcək real ssenari kimi dəyərləndirilir.
- Bu yaxınlarda ABŞ-a səfər etmisiniz və orada Sİ sahəsindəki bir sıra aparıcı beynəlxalq şirkətlərlə görüşləriniz olub. Bu görüşlər hansı imkanları yaradır?
– ABŞ səfəri çərçivəsində “OpenAI”, “NVIDIA”, “AMD” kimi şirkətləri ilə aparılan görüşlər qısamüddətli kommersiya nəticələrindən daha çox, uzunmüddətli strateji əməkdaşlıqların qurulmasına yönəlib. Bu görüşlər süni intellekt üzrə qlobal trendlərin öyrənilməsi, bilik və təcrübə mübadiləsi, birgə tədqiqat və təlim təşəbbüsləri üçün imkanların qiymətləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Bu əməkdaşlıqlar gələcək mərhələlərdə beynəlxalq texnologiya tərəfdaşlıqları, birgə pilot layihələr və investisiya modelləri üçün zəmin formalaşdırır və Strategiyanın praktik icrasını dəstəkləyir.
Əşrəf Mehdiyev süni intellekt mərkəz müsahibə kadr akademiya insan potensialı rəqəmsallaşma transformasiya texnologiya