Cümə axşamı, 5 Ferval, 2026
Tarix: 05 Feb 2026 14:16
Rusiya Strateji Hücum Silahlarının Məhdudlaşdırılması Müqaviləsinin (START) müddəti başa çatdıqdan sonra da məsuliyyətli yanaşmanı davam etdirəcək. Lakin Moskva bu məsələdə ilk növbədə öz milli maraqlarını əsas götürəcək.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, START müqaviləsinin müddəti bitdikdən sonrakı vəziyyət hadisələrin gələcək inkişafından asılı olacaq: “Biz mövcud reallığı qəbul edirik. Ya strateji silahlarımızın sayını artıracağıq, ya da digər ölkələri bu proseslər üzərində nəzarəti davam etdirməyə razı salmağa çalışacağıq. Müqavilənin müddətinin bitməsinə mənfi yanaşırıq və bundan təəssüf edirik. Hətta sənədin qüvvədən düşməsindən sonra belə, limit və məhdudiyyətlərin daha bir il saxlanılması ilə bağlı təşəbbüsümüz cavabsız qalıb”.
Peskov vurğulayıb ki, bu vəziyyət beynəlxalq nüvə silahlarına nəzarət sistemi və strateji sabitlik baxımından mənfi nəticələr doğura bilər. O, həmçinin, Çinin mövqeyinə toxunaraq bildirib ki, Pekin nüvə potensialının ABŞ və Rusiya ilə müqayisə olunmaz olduğunu əsas gətirərək danışıqlarda iştirak etməyi məqsədəuyğun hesab etmir və Moskva bu mövqeyə hörmətlə yanaşır.
“Bütün hallarda Rusiya Federasiyası nüvə silahları sahəsində strateji sabitlik məsələsinə məsuliyyətli və diqqətli yanaşmasını davam etdirəcək və hər zaman olduğu kimi, ilk növbədə milli maraqları rəhbər tutacaq”, – Kremlin sözçüsü əlavə edib.
Fərid Əkbərov Kreml Rusiya START müqaviləsi ABŞ Çin