Deputat: Paris regionda ABŞ-ın dəstəklədiyi sülh təşəbbüslərinin reallaşmasını istəmir

Tarix: 05 Feb 2026 18:30

“Fransa Milli Assambleyasının qəbul etdiyi qətnamə qeyri-hüquqi və qərəzlidir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Deputat deyib ki, bu sənəd hüquq və ədalət prinsiplərinə deyil, siyasi ambisiyalara və iddialara hesablanıb: “Azərbaycan isə Fransadan fərqli olaraq, hüquqi dövlət kimi hüquq qarşısında xalqımıza qarşı cinayət törətmiş hərbi caniləri cəzalandırır və heç bir faktı manipulyasiya etmir. Vaxtilə müharibə zamanı Azərbaycan torpaqlarını işğal etmiş, müxtəlif ölkələrdə Azərbaycana qarşı hərbi cinayətlərin ruporuna çevrilmiş cinayətkarlar bu gün Azərbaycan ədalət mühakiməsi qarşısında cavab verirlər və layiqli cəzalarını alırlar. Bu şəxslərin törətdikləri cinayətləri etiraf etmələri də vaxtilə Fransanın müxtəlif media qurumlarında bu ölkənin ictimaiyyətinə təqdim olunmuşdu. Araik Harutyunyanın “Gəncədə yaşayış kompleksinə raket zərbəsinin endirilməsi əmrini mən vermişəm” etirafı həmin dövrdə Fransa və Avropa mediasında geniş işıqlandırılırdı. Belə açıq şəkildə etiraf edilmiş cinayətə görə cəzanın tətbiq olunması tamamilə təbiidir və bunun əksini iddia etmək məntiqsizdir”.

Hikmət Babaoğlu qeyd edib ki, bu baxımdan Fransa bu cür qərarlar qəbul edərkən əvvəlcə öz keçmişinə baxmalıdır: “Əgər həqiqətən ədalətli bir qətnamə qəbul etmək niyyəti varsa, Fransa Milli Assambleyası Fransanın Əlcəzairdə, Somalidə və Yeni Kaledoniyada törətdiyi cinayətlərlə bağlı da qətnamə qəbul etməlidir. Bu gün Fransa xarici siyasəti demək olar ki, bütün istiqamətlər üzrə uğursuzluğa düçar olur. Kolonialist siyasətində ifşa olunaraq geri çəkilməyə məcbur qalıb, Cənubi Qafqaza müdaxilə cəhdlərində Azərbaycana uduzub, beynəlxalq platformalarda mövqelərini itirib. Geri addım atmağa məcbur qalan Fransa Avropa siyasətində də nüfuzunu zəiflədib. Bütün bunlardan sonra Parisin ritorikasını dəyişməsi diqqət çəkir. Hətta Kopenhagendə Avropa Siyasi Birliyinin 7-ci Zirvə toplantısında Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı gərginliyə son qoyulmasını xahiş etmişdi. Lakin qısa müddət sonra Fransa yenidən səhv və təxribatçı ritorikaya qayıtdı. Bu isə göstərir ki, Fransa diplomatiyasında qeyri-ardıcıldır, hadisələrə selektiv yanaşır və bu addımları ilə özünün müttəfiq saydığı Ermənistanla Azərbaycan arasında sülh prosesinə zərbə vurur. Əgər sülh prosesi zərər görərsə, bundan ən çox ziyan çəkən tərəf elə Fransanın müttəfiqi olacaq. Bu davranışları “papadan artıq katolik olmaq” cəhdi kimi də qiymətləndirmək olar”. Deputat bildirib ki, nəticə etibarilə əgər Ermənistan həqiqətən sülh istəyirsə və kommunikasiyaların açılması, ticarət əlaqələrinin qurulması Ermənistan iqtisadiyyatına yeni nəfəs verəcəksə, Fransa həqiqi müttəfiq kimi bundan məmnun olmalıdır: “Fransa bunu dəstəkləməli və təqdir etməlidir. Çünki bu proseslər onun müttəfiqi hesab etdiyi Ermənistanın maraqlarına uyğundur. Lakin Fransanın davranışları bunun tam əksini göstərir. Bu da Parisin regionda sülhü pozmaq niyyətində olduğunu və ABŞ-ın dəstəklədiyi sülh təşəbbüslərinin reallaşmasını istəmədiyini ortaya qoyur.

8 avqust 2025-ci ildə ABŞ-ın iştirakı ilə sülh sazişi paraflanıb. Qısa müddət ərzində, cəmi 6–7 ayda regionda mühüm tarixi hadisələr baş verib. Fransa isə ABŞ-ın sülh səylərini faktiki olaraq gözdən salmağa və zəiflətməyə çalışır.

Hesab edirəm ki, beynəlxalq ictimaiyyət də Fransanın bu davranışlarını görür və sülhü pozmaq cəhdlərinin nəticə etibarilə elə Fransanın özünə zərbə vuracağı əvvəlcədən bəllidir. Ona görə də Fransa regiondakı proseslərə destruktiv müdaxilələrdən çəkinməlidir. Azərbaycan regiona sülh gətirməkdə israrlıdır və bu konstruktiv mövqe həm Ermənistan, həm də ABŞ tərəfindən dəstəklənməlidir".

Hikmət Babaoğlu ABŞ Fransa Milli Məclis

Xəbər Lenti