Ağ Ev: ABŞ strateji hücum silahları ilə bağlı müqaviləni əvəz edəcək yeni sazişi Rusiya ilə müzakirə edəcək

Tarix: 06 Feb 2026 00:15

ABŞ administrasiyası Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsini əvəz edəcək yeni sazişin hazırlanması ilə bağlı Rusiya ilə danışıqları davam etdirməyi planlaşdırır. APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinqdə bildirib.

“Prezident istəyir ki, nüvə silahları üzrə ekspertlərimiz uzun müddət qüvvədə qalacaq yeni, daha müasir və təkmilləşdirilmiş müqavilə üzərində işləsin. ABŞ məhz bu məsələni Rusiya ilə müzakirə etməyə davam edəcək”, – deyə Livitt qeyd edib. Livitt ABŞ və Rusiya arasında yeni sazişlə bağlı danışıqlar zamanı Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsinin məhdudiyyətlərinə müvəqqəti əməl olunması barədə razılaşmanın əldə edilməsi ilə bağlı KİV-də yayılan məlumatları təsdiqləməyib.

“Mənim bundan xəbərim yoxdur”, – deyə Livitt jurnalistlərin sualını cavablandırarkən deyib.

Xəbər Lenti