Durov Rusiyada "Telegram"ın məhdudlaşdırılmasına münasibət bildirib

Tarix: 10 Feb 2026 21:54

"Teleqram"ın qurucusu və sahibi Pavel Durov Rusiyada "Telegram"ın məhdudlaşdırılmasına münasibət bildirib.

APA-nın Moskva bürosu xəbər verir ki, Durov Rusiyanın vətəndaşlarını nəzarət və siyasi senzura üçün nəzərdə tutulmuş dövlət tərəfindən idarə olunan tətbiqə keçməyə məcbur etmək üçün “Telegram”a girişi məhdudlaşdırdığını söyləyib.

"Səkkiz il əvvəl İran da eyni strategiyanı sınadı və uğursuz oldu. İnsanları dövlət tərəfindən idarə olunan alternativə keçməyə məcbur etmək üçün uydurma bəhanələrlə “Telegram”ı qadağan etdi.

Qadağaya baxmayaraq, əksər iranlılar hələ də “Telegram”dan istifadə edir (senzuradan yayınaraq) və onu nəzarətə məruz qalan tətbiqlərdən üstün tuturlar.

Vətəndaşların azadlığını məhdudlaşdırmaq heç vaxt düzgün həll yolu deyil. “Telegram”, hər hansı bir təzyiqə baxmayaraq, söz azadlığı və şəxsi həyatın toxunulmazlığını müdafiə edir", - Durov bildirib.

Qeyd edək ki, Roskomnadzor ölkədə “Teleqram”ın məhdudlaşdırılmasına başlayıb. Qurum bunu messencerin Rusiya qanunlarına riayət etmədiyi ilə izah edib.

Xəbər Lenti